ABŞ yeni termonüvə başlığının korpusunu sınaqdan keçirib

ABŞ yeni hazırlanmaqda olan W93 termonüvə döyüş başlığının korpusunun uçuş sınağını keçirib. Bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) məlumatlarında bildirilir.
Sınaq Atrax meteoroloji zond raketi vasitəsilə həyata keçirilib. Sınağın məqsədi döyüş başlığının atmosferə daxil olması zamanı onun korpusuna təsir edən aerodinamik yüklənməni ölçmək olub.
Əldə edilən məlumatların W93 döyüş başlığının nüvə olmayan komponentlərinin layihələndirilməsi zamanı istifadə ediləcəyi bildirilir. Bu istiqamətdə işlər ABŞ-ın Sandia Milli Laboratoriyalarında aparılır.
W93 ABŞ-ın təxminən 40 ildən sonra ilk dəfə hazırladığı yeni termonüvə döyüş başlığı hesab olunur. Layihə üzrə işlər 2022-ci ilin mayından etibarən Nyu-Meksiko ştatında yerləşən Los Alamos Milli Laboratoriyasında ABŞ Energetika Nazirliyinin nəzarəti altında həyata keçirilir.
W93-ün seriyalı istehsalına 2030-cu illərin ortalarında başlanması planlaşdırılır. Döyüş başlıqlarının “Kolumbiya” sinfinə aid strateji sualtı qayıqlarda yerləşdirilən qitələrarası ballistik raketlərdə istifadə olunması nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.