Papa Lev süni intellektlə bağlı “apokalipsis” riskindən danışdı

Papa Lev süni intellektlə bağlı “apokalipsis” riskindən danışdı
Vatikan süni intellektin yaratdığı risklərlə bağlı xəbərdarlıqlarını illərdir davam etdirir. Papa Lev də süni intellektin nəzarətsiz inkişafının qlobal miqyasda ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Papa Lev Vatikanda keçirilən görüşdə süni intellektin bəşəriyyət üçün faydalı imkanlar yaratdığını, eyni zamanda təhlükəsizlik və beynəlxalq sülh üçün yeni təhdidlər meydana çıxardığını deyib. O, dünya liderlərini bu texnologiyanın inkişafı və tətbiqini “müdrik şəkildə idarə etməyə” çağırıb.
Pontifik daha əvvəl, may ayında dünya liderlərinə süni intellekt sənayesinin tənzimlənməsi üçün qlobal qaydaların hazırlanmasını təklif etmişdi. Onun bu mövzunu Parisdə UNESCO-nun mənzil-qərargahında keçiriləcək çıxışında da gündəmə gətirəcəyi gözlənilir.
Vatikanın süni intellekt üzrə aparıcı məsləhətçilərindən olan keşiş Paolo Benanti Reuters-ə bildirib ki, bu məsələ Müqəddəs Taxt üçün yeni deyil. Onun sözlərinə görə, süni intellektin transformasiyaedici gücü cəmiyyətdə miqyası əvvəlcədən proqnozlaşdırılması çətin olan dəyişikliklərə səbəb ola bilər.
Vatikan süni intellektin mümkün təhlükələri barədə hələ 2019-cu ildən xəbərdarlıqlar edir. Həmin il texnologiyanın potensial risklərinə həsr olunmuş iki konfrans təşkil olunub.
Mərhum Papa Fransisk də həmin tədbirlərdən birində süni intellekt vasitəsilə dezinformasiyanın yayılmasının hətta qlobal müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
Beləliklə, süni intellektin sürətli inkişafı artıq yalnız texnoloji və iqtisadi məsələ kimi deyil, həm də beynəlxalq təhlükəsizlik və qlobal sabitlik kontekstində müzakirə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.