İran 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazırdır

İran ABŞ ilə razılaşma əldə olunacağı təqdirdə 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağa və bu materialı daha aşağı səviyyəyə qədər zənginləşdirməyə hazırdır.
İran Prezidenti Məsud Pezeşkian bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
Pezeşkianın sözlərinə görə, Tehran beynəlxalq hüquqa və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır.
“Bəli. Beynəlxalq hüquq çərçivəsində və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən, normaların bizdən tələb etdiyi hər şeyə əməl edəcəyik. Biz danışıqlar aparırdıq və bu materialın ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmağa, onu durulaşdırmağa hazır idik”, – İran prezidenti bildirib.
Pezeşkian İranın heç vaxt nüvə bombası yaratmağa çalışmadığını da vurğulayıb.
“Qətiyyən. Hörmətli ali liderimizin dəfələrlə bildirdiyi kimi, bu, dini göstərişlərə ziddir. Kütləvi qırğın silahlarına sahib olmaq qanunsuzdur”, – deyə o qeyd edib.
İranın uranı 60 faizə qədər zənginləşdirməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Uranın 60 faiz səviyyəsində zənginləşdirilməsi nüvə silahı üçün tələb olunan səviyyədən aşağı olsa da, mülki nüvə enerjisi üçün adi zənginləşdirmə səviyyəsindən xeyli yüksəkdir.
Tehran isə nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini və nüvə silahı əldə etmək niyyətinin olmadığını bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.