Ərakçi: Tehran istənilən yeni təcavüz dalğasına qarşı dayanmağa hazırdır

İranın xarici işlər naziri Abbas Ərakçi Tehranın ABŞ-la münaqişənin yeni mərhələsinə, eləcə də diplomatik həll yoluna hazır olduğunu bildirib. O, qərarın ABŞ prezidenti Donald Trampdan asılı olduğunu deyib.
Ərakçi NBC News telekanalına müsahibəsində bildirib ki, İran müharibənin yenidən başlaması ehtimalına tam hazırdır.
“Biz müharibə yenidən başlasa, tamamilə hazırıq. Təkrar edirəm, istənilən yeni təcavüz dalğasına, hətta ‘qiyamət müharibəsi’ olsa belə, müqavimət göstərəcəyik. Eyni zamanda, diplomatiyaya da hazırıq. Seçim prezident Trampındır”, – deyə iranlı nazir vurğulayıb.
Ərakçi ABŞ prezidentinin İranın Hörmüz boğazı ilə bağlı son təkliflərini rədd etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Tehran bu barədə ABŞ-dan rəsmi məlumat almayıb və imtina yalnız vasitəçilər üzərindən çatdırılıb.
Nazir qeyd edib ki, İran münaqişənin dayandırılması çərçivəsində Hörmüz boğazının açılmasını və bunun müqabilində ölkənin dondurulmuş aktivlərinin sərbəst buraxılmasını istəyir.
“Biz neftimizi sata bilmək istəyirik”, – Ərakçi deyib.
Onun sözlərinə görə, Tehranın irəli sürdüyü şərtlər yeni deyil və ABŞ ilə İran arasında iyun ayında imzalanmış anlaşma memorandumunda əks olunan mövqelərlə üst-üstə düşür.
İran prezidenti Məsud Pezeşkian da cümə gecəsi Fox News telekanalına müsahibəsində ABŞ-ın Tehranla münaqişənin nə vaxt başa çatdırılacağına qərar verməli olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp isə şənbə günü İranın gərginliyin azaldılması ilə bağlı planını qəbul etmədiyini açıqlayıb. Həmin plana əsasən, Tehran yeddi gün ərzində bir sıra deeskalasiya tədbirləri görməyə hazır idi.
Təkliflərdən biri ABŞ-ın İrana qarşı dəniz blokadasını dayandırması müqabilində Hörmüz boğazında gəmiçiliyin bərpa olunmasını nəzərdə tuturdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.