AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İSPANİYA SEUTƏDƏ MİQRANTLARA QARŞI ZORAKILIQ İDDİALARINI ARAŞDIRIR

  • + A
  • - A
  • Bu gün, 22:14

    İSPANİYA SEUTƏDƏ MİQRANTLARA QARŞI ZORAKILIQ İDDİALARINI ARAŞDIRIR


    İspaniya Seutədə hərbçilərin miqrantlara qarşı mümkün zorakılığı ilə bağlı araşdırmaya başlayıb.
    “Euronews”un məlumatına görə, araşdırmaya insan haqları təşkilatı “Amnesty International”ın hazırladığı hesabat səbəb olub.
    İspaniyanın Müdafiə Nazirliyi təşkilatın hesabatını prokurorluğa və Seutə növbətçi məhkəməsinə göndərib. Həmçinin hərbçilərin mümkün fərdi məsuliyyətinin müəyyənləşdirilməsi tapşırılıb.

    “Amnesty International” Seutədə miqrantların döyülməsi, təhqir olunması, zorla ərazidən çıxarılması və irqi profilləşdirməyə məruz qalması ilə bağlı halları sənədləşdirdiyini açıqlayıb.

    Təşkilat 65-dən çox şəxslə müsahibə aparıb və 22 ifadə toplayıb. Miqrantlar hərbçiləri onları döyməkdə, hədələməkdə və alçaltmaqda, həmçinin pullarını oğurlamaqda, mobil telefonlarını müsadirə etməkdə və ya məhv etməkdə ittiham ediblər.

    Şahidlərin sözlərinə görə, hərbçilər insanları dəyənəklərlə və təpiklə döyüb, əllərini plastik bağlarla bağlayıb və Seutəni tərk etmələri üçün onları hədələyiblər. “Amnesty International” bu kimi halların, xüsusilə “Regulares” və Legion bölmələrinin əməliyyatları zamanı təkrarlanan xarakter daşıdığını iddia edir.
    Hüquq müdafiəçilərinin danışdığı miqrantlardan biri ciddi xəsarətlər aldıqdan sonra əlil arabasında hərəkət edib. Onun sözlərinə görə, hərbçilər onu 6 metrdən çox hündürlükdən aşağı itələyiblər. Təşkilat bildirir ki, müsahibə zamanı həmin şəxs hətta rentgen müayinəsindən keçirilməyib və yalnız təcili tibbi sarğı alıb.

    “Amnesty International” həmçinin miqrantlarda aşkar edilən xəsarətlərin onların təsvir etdiyi zorakılıq epizodları ilə uyğun gəldiyini bildirib.
    Təşkilatın qiymətləndirməsinə görə, sənədləşdirilən bəzi hərəkətlər işgəncə və ya digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə bilər.

    Hüquq müdafiəçiləri hadisələrlə bağlı müstəqil və hərtərəfli araşdırmanın aparılmasını, təqsirli şəxslərin mümkün cinayət və intizam məsuliyyətinin müəyyənləşdirilməsini tələb ediblər.
    İspaniyanın Müdafiə Nazirliyi isə “Euronews”a bildirib ki, hesabatda əks olunan halların araşdırılması və hərbçilərin mümkün fərdi məsuliyyətinin müəyyən edilməsi üçün operativ komandanlığa tapşırıq verilib.

    Nazirlik qeyd edib ki, bu araşdırma peşəkar standartlara riayət olunması və ölkənin silahlı qüvvələrinin nüfuzunun qorunması baxımından zəruridir.
    “Amnesty International”ın araşdırması sentyabrın 10-dan 15-dək Seutədə aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR