Tramp: Flydubai reysini heç vaxt təyyarə idarə etməyən santexnik xilas edib

ABŞ Prezidenti Donald Tramp Flydubai aviaşirkətinin reyslərindən birində baş verən insident zamanı sərnişinlərin israilli santexnikin köməyi ilə xilas edildiyini iddia edib.
Trampın sözlərinə görə, hadisə barədə ona İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib. ABŞ prezidenti bildirib ki, santexnik daha əvvəl heç vaxt təyyarə idarə etməyib və hətta sərnişin kimi də çox az uçub. İddiaya görə, o, təyyarədə baş verənləri görərək müdaxilə edib.
Tramp hadisənin təfərrüatlarını belə təsvir edib:
“Uçuş aparatı inanılmaz güclə aşağı düşürdü. Elə bucaq altında hərəkət edirdi ki, hündürlük sükanı qopdu. Təyyarə belə sürət üçün nəzərdə tutulmamışdı və həddindən artıq yüklənməyə məruz qalırdı”.
Trampın sözlərinə görə, santexnik təyyarədəki digər şəxsin oturacaqdan çıxmasına kömək edib və sərnişinlər həmin şəxsi tutaraq vəziyyətə müdaxilə ediblər.
ABŞ prezidenti həmçinin bildirib ki, həmin santexnik təyyarə idarə etmə bacarıqlarını aviasiya qəzaları barədə televiziya verilişlərinə baxmaqla əldə edib.
Qeyd edək ki, Tramp bu məlumatları İsrail Baş naziri Netanyahu ilə söhbətinə istinadən səsləndirib. Hadisənin təfərrüatları və iddiaların müstəqil mənbələr tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi barədə əlavə məlumat təqdim edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.