Tropik “İsaías” fırtınası həftənin sonuna doğru ABŞ sahillərinə çata bilər

Tropik “İsaías” fırtınası Meksikanın şərq sahilləri yaxınlığında isti sularda formalaşıb. Meteoroloqlar fırtınanın güclənərək Atlantik okeanında bu mövsümün ilk qasırğasına çevrilə biləcəyini istisna etmirlər.
“Associated Press”in məlumatına görə, fırtınanın həftənin sonuna doğru Meksika körfəzi istiqamətindən ABŞ sahillərinə çatacağı gözlənilir.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, “İsaías” Meksikanın Proqreso şəhərindən təxminən 460 kilometr qərbdə, Missisipi çayının mənsəbindən isə 935 kilometr cənub-qərbdə yerləşib. Fırtınada davamlı küləyin maksimal sürəti saatda 65 kilometrə çatıb. “İsaías” saatda təxminən 13 kilometr sürətlə şərq-şimal-şərq istiqamətində hərəkət edir.
Fırtınanın ABŞ sahillərində dəqiq haradan quruya çıxacağı hələ məlum deyil. İlkin proqnoza görə, onun Luiziana ştatının şərq hissəsi ilə Florida ştatının qərb hissəsi arasındakı əraziyə çatması mümkündür.
Həmin bölgələrdə yaşayan sakinlərə mümkün təhlükəyə hazırlaşmaları tövsiyə olunub. Milli Qasırğa Mərkəzi Meksika körfəzinin şimal sahillərinin bəzi hissələrində güclü külək və dəniz suyunun sahilə doğru qalxması riskinin artdığını bildirib.
Luizianadan Floridaya qədər olan ərazilərin sakinlərinə hava proqnozlarını diqqətlə izləmək və qasırğa təhlükəsi yaranacağı təqdirdə hərəkət planı hazırlamaq tövsiyə edilib.
“İsaías”ın Meksika körfəzi sahillərinə, eləcə də ABŞ-ın cənub-şərqinin geniş ərazilərinə leysan yağışları gətirəcəyi gözlənilir. Güclü yağıntıların cümə günündən başlayaraq həftəsonu ərzində davam edəcəyi proqnozlaşdırılır.
Fırtınanın yaranması Atlantik okeanında qasırğa mövsümünün qeyri-adi dərəcədə sakit keçdiyi vaxta təsadüf edir. Meteoroloqların məlumatına görə, bu il Atlantikdə tropik siklonların formalaşmasına güclü “El-Ninyo” hadisəsi mane olur.
Bununla belə, Sakit okeanda fırtına aktivliyi orta göstəricidən yüksək olaraq qalır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.