Rəhmon: Regionda birgə iqtisadi layihələr üçün imkanlar genişdir

Tacikistan Prezidenti neft emalı, energetika və aqrar sahədə əməkdaşlığı önə çəkib
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
“Report” xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Avazadə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
E.Rəhmon qeyd edib ki, region ölkələrinin resurs imkanları birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii sərvətlərin emalı üçün əlverişli şərait yaradır.
O, rəqəmsal və “yaşıl” texnologiyaların tətbiqinin, innovasiyaların təşviqinin və süni intellektdən istifadənin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tacikistan Prezidenti ticarət və xidmətlər sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, kiçik və orta biznesin iştirakı ilə istehsal və ixrac layihələrinin artırılmasını təklif edib.
E.Rəhmon aqrar sahədə əməkdaşlığın gücləndirilməsinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Energetika sahəsində isə o, prioritet layihələrin müəyyənləşdirilməsi və birgə maliyyələşdirmə mexanizmlərinin hazırlanmasını təklif edib.
Tacikistan Prezidenti, həmçinin regionun tələbatını nəzərə almaqla ən yeni texnologiyalar əsasında iri neft emalı zavodunun tikintisi layihələrinin hazırlanmasının vacibliyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.