ABŞ-də qeyri-adi edam

13 nəfərin ölümü ilə nəticələnən hücumun təqsirkarı güllələnmə dəstəsi ilə edam edilə bilər
ABŞ administrasiyası 1936-cı ildən sonra ilk dəfə ictimai edam keçirməyi planlaşdırır. 2009-cu ildə Fort Hud hərbi bazasında baş verən və 13 nəfərin ölümü ilə nəticələnən hücuma görə ölüm hökmü alan Nidal Malik Həsənin güllələnmə dəstəsi tərəfindən edam olunacağı bildirilir.
ABŞ müdafiə naziri Pit Heqset müsahibəsində edamın ictimaiyyət üçün açıq olacağını açıqlayıb. O bildirib ki, insanların prosesi izləməsi üçün imkan yaradılacaq.
Edamın televiziya və ya internetdə yayımlanması, eləcə də mərasimə kimin buraxılacağı barədə hələlik rəsmi təfərrüatlar açıqlanmayıb.
Məlumata görə, ABŞ-də son ictimai edam 1936-cı ildə Kentukki ştatında Reyni Beteanın asılması ilə baş tutub. Güllələnmə dəstəsi ilə son edam isə 1945-ci ildə fərarilikdə təqsirli bilinən Eddi Slovik barəsində həyata keçirilib.
Keçmiş hərbi psixiatr Nidal Həsən 2009-cu ilin noyabrında Texas ştatındakı Fort Hud bazasında törədilən hücuma görə ölüm hökmü alıb. Hadisədə 13 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Həsən saxlanılarkən güllə yarası alıb və qismən iflic olub. Onun edamının dekabrın 3-nə planlaşdırıldığı bildirilir. Bu məsələ ABŞ-də ölüm hökmünün tətbiqi və edam üsulları ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.