AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ANSA: NATO-nun İtaliyada keçiriləcək nüvə təlimlərində real nüvə başlıqlarından istifadə olunmayacaq

  • + A
  • - A
  • Bu gün, 16:19

    ANSA: NATO-nun İtaliyada keçiriləcək nüvə təlimlərində real nüvə başlıqlarından istifadə olunmayacaq


    Oktyabrın 13-dən etibarən İtaliya NATO-nun hər il təşkil etdiyi “Steadfast Noon” nüvə təlimlərinə ev sahibliyi edəcək. On gün davam edəcək təlimlər zamanı real nüvə başlıqlarından istifadə edilməyəcək. Bu barədə ANSA agentliyi NATO nümayəndələrinin açıqlamalarına istinadən məlumat yayıb.

    İtaliya Hərbi Hava Qüvvələrinin məlumatına görə, təlimlər çərçivəsində heç bir real silah tətbiq olunmayacaq. Manevrlərin əsas məqsədi müttəfiq qüvvələr arasında prosedurların, koordinasiyanın və təhlükəsizlik standartlarının yoxlanılmasıdır. İtaliya tərəfi həmçinin bildirib ki, təlimlər əvvəlcədən planlaşdırılıb və hazırkı beynəlxalq böhranlarla əlaqəli deyil.

    Bununla belə, NATO İtaliya tərəfinin açıqlamalarına aydınlıq gətirib. Alyansın nüvə siyasəti şöbəsinin rəhbəri Nassima Barrouz jurnalistlərlə görüşündə “Steadfast Noon” təlimlərinin real nüvə başlıqları tətbiq edilməsə də, mahiyyət etibarilə nüvə təlimləri olduğunu vurğulayıb.

    “İtaliya ilə kommunikasiya məsələlərində sıx əməkdaşlıq etdiyimizi və ‘Steadfast Noon’ təlimlərinin nüvə təlimləri olması ilə bağlı tam qarşılıqlı anlaşmanın mövcud olduğunu vurğulamaq istəyirəm”, – deyə Barrouz bildirib.

    İtaliyada siyasi mübahisə yaranıb
    Təlimlər İtaliyada siyasi müzakirələrə də səbəb olub. Müxalifətdəki “Yaşıllar və Sol Alyansı” partiyasının deputatı Ancelo Bonelli müdafiə naziri Gvido Krozettoya rəsmi sorğu ünvanlamaq niyyətində olduğunu açıqlayıb. Buna səbəb genişmiqyaslı hərbi manevrlər barədə parlamentin məlumatlandırılmamasıdır.

    Bonelli təlimlərdə dronların hansı rolu oynayacağını, hansı sistemlərin cəlb ediləcəyini, atışların harada keçiriləcəyini və hansı döyüş sursatlarından istifadə olunacağını açıqlamağı tələb edib. O, xüsusilə Salto-di-Kvirra poliqonunda nəzərdə tutulan fəaliyyətlərlə bağlı suallar qaldırıb.

    Deputat, həmçinin uçuşların həyata keçiriləcəyi ərazilərdəki regional və yerli hakimiyyət orqanlarının məlumatlandırılıb-məlumatlandırılmadığını, eləcə də mülki aviasiyanın təhlükəsizliyinin hansı tədbirlərlə təmin olunacağını soruşub.

    Qeyd edək ki, “Steadfast Noon” NATO-nun nüvə çəkindirmə imkanları çərçivəsində keçirilən illik təlimlərindəndir. Real nüvə başlıqlarından istifadə edilməsə də, bu manevrlər alyansın müvafiq hərbi prosedurlarını və müttəfiqlər arasında koordinasiyanı sınaqdan keçirmək məqsədi daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR