Berbel Bas istefa verib

Almaniyanın əmək naziri həmçinin SPD-nin həmsədri vəzifəsindən ayrılır
Almaniyanın əmək və sosial məsələlər naziri Berbel Bas istefa verib.
“ntv” portalının məlumatına görə, 58 yaşlı siyasətçi Sosial-Demokratlar Partiyasının (SPD) həmsədri vəzifəsini də tərk edəcək.
Bas qərarını ögey qızının vəfatından sonra qəbul etdiyini bildirib. Bununla yanaşı, o, koalisiya tərəfdaşlarının təzyiqlərinin də bu qərara təsir göstərdiyini qeyd edib.
“Ögey qızımın ölümündən sonra anladım ki, kədərimi yaşamaq üçün mənə vaxt lazımdır”, – deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, hazırda partiyada və hökumətdə üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirə bilmir.
Qeyd edək ki, Berbel Bas 2021-ci ildən 2025-ci ilin martınadək Almaniya Bundestaqının sədri olub. O, ötən il Lars Klingbeillə birlikdə SPD-nin həmsədri seçilib, 2025-ci ilin mayından isə əmək və sosial məsələlər naziri vəzifəsini icra edib.
Son aylarda siyasətçi sosial islahatların həyata keçirilmə sürətinə görə tənqidlərlə üzləşib və onun istefası ilə bağlı çağırışlar səsləndirilib.
Basın ögey qızı sentyabrın sonunda 53 yaşında vəfat edib. O, siyasətçinin həyat yoldaşı Ziqfrid Ambroziusun qızı olub. Ambrozius 2020-ci ildə 79 yaşında dünyasını dəyişib. Berbel Basın başqa övladı yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.