NEWSWEEK: ZELENSKİNİ UKRAYNA PREZİDENTİ POSTUNDA KİM ƏVƏZ EDƏ BİLƏR?

ABŞ Prezidenti Donald Trampın Ukraynaya yeni lider seçmək çağırışı ölkənin siyasi gələcəyi, eləcə də hazırkı prezident Volodimir Zelenskinin taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Kiyevdə növbəti prezident seçkilərinin nə vaxt keçiriləcəyi də diqqət mərkəzindədir.
Amerikanın Newsweek jurnalı Ukraynanın yeddinci prezidentliyinə iddialı ola biləcək dörd şəxsin siyahısını təqdim edib.
Siyahıda ilk sırada Ukrayna ordusunun sabiq baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri vəzifəsini tutan Valeri Zalujnı yer alır. O, Zelenskinin əsas rəqiblərindən biri hesab olunur.
Digər namizəd Ukrayna hərbi kəşfiyyatının sabiq rəhbəri Kirill Budanovdur. O, fəaliyyəti dövründə Rusiyanın hədəfində olan əsas fiqurlardan biri kimi tanınıb.
Nəşrin diqqət çəkdiyi şəxslərdən biri də 35 yaşlı Mixail Fyodorovdur. O, 2026-cı ilin yanvarında müdafiə naziri təyin olunana qədər Ukraynanın pilotsuz uçuş aparatları sahəsindəki fəaliyyətinə rəhbərlik edib və baş nazirin müavini vəzifəsində çalışıb.
Siyahıda Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun da adı var. O, 2014–2019-cu illərdə prezident olub. Poroşenkonun hakimiyyəti dövrü Krımın Rusiya tərəfindən ilhaqından və Moskvanın Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində separatçı qüvvələrə dəstəyindən sonrakı dövrü əhatə edib.
Beləliklə, Newsweek nəşrinin təqdim etdiyi siyahıda Ukraynanın siyasi və hərbi dairələrində tanınan dörd şəxs yer alıb. Bununla belə, onların mümkün namizədliyi və gələcək prezident seçkilərinin nəticələri ilə bağlı hələlik qəti fikir söyləmək mümkün deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.