NATO İranın üzv ölkələrə və tərəfdaşlarına qarşı hərəkətlərini pisləyib

NATO üzv ölkələrə və alyansın tərəfdaşlarına qarşı yönəlmiş zorakılıq və təhdidlərə görə İranı pisləyən birgə bəyanat yayıb.
Bəyanatda İranın qətllərin planlaşdırılması, yanğınların törədilməsi, təxribatlar, kiberhücumlar və digər hibrid fəaliyyətlər də daxil olmaqla, zorakı üsullardan istifadə etməsi qınanılıb.
Sənəddə Böyük Britaniyanın ötən ay ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrinin yerləşdiyi Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş vermiş təhlükəsizlik insidenti ilə bağlı qənaətləri də dəstəklənib. Bildirilib ki, insidentin böyük ehtimalla İran tərəfindən koordinasiya edildiyi güman olunur.
Bəyanatda vurğulanıb ki, İranın alyans ölkələrinin ərazisində insanları təhdid etmək, susdurmaq, qorxutmaq, təqib etmək, onlara zərər vurmaq və ya nəyəsə məcbur etmək cəhdləri qəbuledilməzdir. Sənəddə bu cür hərəkətlərin vasitəçilər və ya digər üsullarla həyata keçirilməsinin də yolverilməz olduğu qeyd edilib.
“İranın və ya hər hansı digər dövlətin adından düşmənçilik fəaliyyəti ilə məşğul olan hər kəs bilməlidir ki, biz bu cür əməlləri müəyyən etmək, araşdırmaq və qarşısını almaq, eləcə də təqsirkarları məsuliyyətə cəlb etmək üçün tədbirlər görəcəyik”, – deyə bəyanatda bildirilib.
NATO-nun baş katibi Mark Rütte ayrıca açıqlamasında müttəfiqlərin və tərəfdaşların mövqeyini alqışlayıb. O da İranın alyans ölkələrinin ərazisində zorakılıq və təhdidlərlə əlaqəsini pisləyib.
Rütte vurğulayıb ki, NATO alyansa üzv ölkələrdə yaşayan bir milyard insanın təhlükəsizliyini təmin etmək missiyasını davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.