Almaniya, İtaliya və Belçikadan Aİ qanunvericiliyinə “təcili əyləc” mexanizmi təklifi

Almaniya, İtaliya və Belçika Avropa İttifaqında yeni qanunların qəbulunu müvəqqəti dayandırmağa imkan verən xüsusi mexanizmin yaradılmasını təklif ediblər.
“Politico” nəşrinin məlumatına görə, üç ölkənin liderləri Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştaya ünvanladıqları məktubda belə bir mexanizmin tətbiqini irəli sürüblər. Təklifə əsasən, üzv dövlətlər yeni ümumavropa qanunlarının hökumətlər və biznes üçün həddindən artıq yük yaratdığını hesab etdikləri halda, onların qəbulunu dayandırmaq imkanı əldə edə bilərlər.
Məktubu Almaniyanın federal kansleri Fridrix Merz, İtaliyanın baş naziri Corcia Meloni və Belçikanın baş naziri Bart de Vefer imzalayıblar.
Üç ölkənin liderləri hesab edirlər ki, Avropa İttifaqında iqtisadi rəqabət qabiliyyətinin artırılması üçün planlaşdırma və razılaşdırma prosedurları sürətləndirilməli, bürokratik maneələr azaldılmalıdır. Onlar, həmçinin yeni prioritetlər mexanizmi çərçivəsində bəzi tənzimləyici tələblərin müəyyən müddətə dayandırılmasını təklif edirlər.
Məktubda Avropa İttifaqında bürokratiyanın azaldılması məqsədilə genişmiqyaslı sadələşdirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Müəlliflər xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin üzləşdiyi inzibati yükün azaldılmasını Avropa Komissiyasının əsas prioritetlərindən biri hesab edirlər.
Liderlərin fikrincə, həddindən artıq tənzimləmə və bununla bağlı xərclər Avropanın sənaye potensialının geri dönməz şəkildə azalmasına, investisiyaların zəifləməsinə və iqtisadi rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Təşəbbüs Avropa İttifaqının sənaye sektorunda vəziyyətin pisləşdiyi bir vaxtda irəli sürülüb. Oxşar tələblər mart ayında, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinə həsr olunmuş sammitdən sonra da səsləndirilmişdi.
Brüsseldə cümə axşamı başlayacaq Avropa İttifaqı Şurasının ikigünlük sammitində üzv dövlətlərin liderləri birliyin uzunmüddətli büdcəsini, enerji qiymətlərini və Ukraynaya dəstəyi də müzakirə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.