Fransada etirazların ikinci mərhələsi oktyabrın 24-nə təyin edilib

Fransada yaşayış xərclərinin artmasına qarşı etirazlar keçirən “Sarı jiletlilər” hərəkatının koordinasiya qrupu yeni aksiya tarixini açıqlayıb. Növbəti etiraz aksiyalarının oktyabrın 24-də keçirilməsi planlaşdırılır. Bu barədə AFP agentliyinə hərəkatın fəallarından biri məlumat verib. Məlumatı Le Figaro nəşri yayıb.
Koordinasiya qrupu 17octobregiletjaune.net saytında oktyabrın 24-də keçirilməsi nəzərdə tutulan aksiyaların xəritəsini dərc edib.
AFP-nin məlumatında bildirilir ki, etirazların ikinci mərhələsinə hazırlıq işləri fəal şəkildə davam edir.
Jurnalistlərin qeyd etdiyinə görə, oktyabrın 17-də keçirilən ilk aksiya zamanı Fransanın bir sıra şəhərlərində vəziyyət xaotik xarakter alıb.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron təcili müraciətlə çıxış edərək hökumətdən bu cür etirazların təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib. O, həmçinin iğtişaşlarda iştirak edən şəxslərin cəzalandırılacağını və zərər çəkmiş sahibkarlara dəstək göstəriləcəyini vəd edib.
Makronun siyasi rəqibləri isə onun çıxışını tənqid edərək ölkədəki sosial narazılığa görə məsuliyyəti prezidentin üzərinə qoyublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.