AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Axios: Zelenski ABŞ senatorlarından Tramp administrasiyasına təzyiq göstərməyi xahiş edib

  • + A
  • - A
  • Bu gün, 12:43

    Axios: Zelenski ABŞ senatorlarından Tramp administrasiyasına təzyiq göstərməyi xahiş edib


    Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ikipartiyalı senatorlar qrupuna müraciət edərək, Donald Tramp administrasiyasının kəşfiyyat məlumatlarının mübadiləsi və silah tədarükü ilə bağlı məhdudiyyətləri aradan qaldırmasına nail olmaq üçün təzyiq göstərmələrini istəyib. Bu barədə Axios nəşri mənbələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, Zelenski bazar ertəsi senatorlar Tom Tillis və Riçard Blumentalın rəhbərlik etdiyi ikipartiyalı qrupla onlayn görüş keçirib. Görüş zamanı Ukrayna lideri Mayamidəki görüşdən sonra ölkəsinin üzləşdiyi bir sıra problemləri diqqətə çatdırıb.

    Zelenskinin sözlərinə görə, Ağ Evin əksini bildirməsinə baxmayaraq, Starlink və Starshield peyk sistemlərinin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər hələ də qismən qüvvədədir.
    “Bizim hələ də bununla bağlı izahatımız yoxdur. Təəssüf ki, yalnız müxtəlif qəribə izahlar eşidirik. Bu, Ukraynanın Rusiyanın zərbə dronlarını vurmaq imkanlarına mane olur”, – deyə Zelenski bildirib.

    Ukrayna Prezidenti həmçinin qeyd edib ki, son bir həftə ərzində, o cümlədən bazar günü olmaqla, üç dəfə ABŞ Rusiyanın ballistik raket hücumları barədə əvvəlcədən xəbərdarlıq etməyib. Zelenskinin fikrincə, bu vəziyyət kəşfiyyat məlumatlarının mübadiləsində məhdudiyyətlərin olduğunu göstərir. Onun sözlərinə görə, Kiyev hələ də Vaşinqtondan bununla bağlı izahat almayıb.

    Zelenski, eyni zamanda, Pentaqon rəhbəri Pit Heqsetin NATO ölkələri tərəfindən ödənişi həyata keçirilməsinə baxmayaraq, Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin və NASAMS sistemində istifadə olunan AIM-9X raketlərinin tədarükünə razılıq vermədiyini bildirib.
    “ABŞ-dakı tərəfdaşlarımızdan aldığımız “Patriot” raketləri demək olar ki, tükənib. Bütün bunlar dəstəyimizi ləngitmək üçün hansısa siyasi qərarın qəbul edildiyini göstərir. Biz nə baş verdiyini, bunun səbəbini və hansı nəticələrə gətirib çıxaracağını anlamaq istəyirik”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

    Bundan başqa, Zelenski senatorlara bazar günü Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə apardığı danışıqların təfərrüatlarını açıqlayıb.

    O bildirib ki, Rusiya neft emalı zavodlarına zərbələrin 30 gün müddətinə dayandırılmasını təklif edib. Bunun müqabilində isə ABŞ-dan Ukraynaya “Patriot” sistemləri üçün raketlərin verilməsini istəyib. Zelenskinin sözlərinə görə, bu, Ukraynaya həmin 30 gün ərzində Rusiyanın ballistik raket hücumlarından müdafiə olunmağa imkan verə bilərdi.
    Ukrayna lideri qeyd edib ki, Uitkoff və Kuşner bu təklifə maraq göstərməyiblər.

    Zelenski senatorlarla söhbətində gələn həftə Norveçdə olacağını da bildirib. Onun sözlərinə görə, Trampın nümayəndələri ilə çərşənbə axşamı və ya çərşənbə günü görüşmək mümkündür. Bundan sonra Uitkoff və Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yollana biləcəkləri bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR