AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nigeriyada Ebola virusuna ilk yoluxma halı təsdiqlənib

  • + A
  • - A
  • Bu gün, 10:48

    Nigeriyada Ebola virusuna ilk yoluxma halı təsdiqlənib


    Nigeriyada Ebola virusuna ilk yoluxma halı qeydə alınıb. Virus ölkənin paytaxtı Abuca şəhərində Uqandadan təyyarə ilə gələn qadında aşkarlanıb.

    Bu barədə Nigeriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, xəstəxanaya yerləşdirilən qadın hazırda tibbi nəzarət altındadır. Yoluxmuş şəxslə təmasda ola biləcək 44 nəfər müəyyən edilib və onların izlənilməsi istiqamətində tədbirlər görülür.

    Uqandanın Səhiyyə Nazirliyi isə qadının bu ölkədə yalnız tranzit keçid etdiyini açıqlayıb. Məlumata görə, o, bundan əvvəl Konqo Demokratik Respublikasının şərqində olub. Uqandada daha əvvəl Ebola virusuna yoluxma halları qeydə alınsa da, sonradan ölkədə aktiv yoluxma hallarının olmadığı elan edilib.

    Konqo Demokratik Respublikasında Ebola epidemiyası may ayından etibarən davam edir. Sentyabrın ortalarına olan məlumata görə, ölkədə 7 mindən çox yoluxma halı təsdiqlənib, 3 300-dən çox insan həyatını itirib.

    Avqustun sonunda Konqo Demokratik Respublikasına Ervebo peyvəndinin ilk partiyası çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ümid edir ki, peyvənd virusun hazırkı ştamına qarşı qorunma təmin edə bilər.

    Ebola virusu ağır hemorragik qızdırmaya səbəb olur. Bundibuqyo ştamı üzrə ölüm səviyyəsi 50 faizə çata bilər. Hazırda bu ştama qarşı təsdiqlənmiş müalicə üsulları və peyvənd mövcud deyil.

    Konqo Demokratik Respublikasında virusun yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər hökumət qüvvələri ilə silahlı üsyançılar arasında davam edən münaqişə səbəbindən çətinləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR