Si Cinpin Tibetdə zəlzələdən sonra itkilərin minimuma endirilməsi üçün bütün tədbirlərin görülməsini tapşırıb

Çin Xalq Respublikasının sədri Si Cinpin ölkənin Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələdən sonra itkin düşənlərin axtarışı və zərərçəkənlərə təcili tibbi yardım göstərilməsi üçün genişmiqyaslı xilasetmə əməliyyatlarının aparılmasını tapşırıb.
“Sinxua” agentliyinin məlumatına görə, Si Cinpin zəlzələdən zərər çəkmiş ərazinin soyuq iqlimə malik yüksək dağlıq bölgədə yerləşdiyini vurğulayıb.
“Seismik aktivliyi və hava şəraitindəki dəyişiklikləri diqqətlə izləmək, ikinci dərəcəli təbii fəlakətlərin qarşısını almaq üçün müvafiq xilasetmə tədbirləri həyata keçirmək son dərəcə vacibdir”, – deyə Çin lideri bildirib.
O, insan tələfatının və digər itkilərin minimuma endirilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini qeyd edib.
Si Cinpin, həmçinin fövqəladə hallar üçün nəzərdə tutulan resursların ayrılmasını, zərərçəkənlərin təhlükəsiz yerlərdə yerləşdirilməsini və zədələnmiş infrastrukturun mümkün qədər tez bərpa olunmasını tapşırıb.
Çin Dövlət Şurasının baş naziri Li Qian isə Fövqəladə Hallar Nazirliyinə və ölkənin zəlzələlərlə mübarizə üzrə qurumlarına bölgədə mümkün təkrar yeraltı təkanları izləməyi davam etdirməyi tapşırıb.
Xilasetmə əməliyyatlarına yüzlərlə mütəxəssis cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələdən zərər çəkmiş əraziyə xilasetmə qrupları göndərilib. Dağıntıların və dəymiş ziyanın qiymətləndirilməsi üçün Wing Loong pilotsuz uçuş aparatı da cəlb edilib.
Ümumilikdə, əməliyyatlara 350 xilasedici və 83 texnika vahidi səfərbər olunub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 16 nəfər həlak olub, 54 nəfər yaralanıb. Daha əvvəl yaralıların sayının 32 nəfər olduğu bildirilmişdi.
Zəlzələnin maqnitudası 7 olub
Zəlzələ ötən gün Çinin Tibet Muxtar Rayonunda qeydə alınıb. Yerli vaxtla saat 22:33-də, Moskva vaxtı ilə isə 17:33-də baş verən yeraltı təkanların episentrinin təxminən 173 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Xilasetmə işləri davam edir. Rəsmilər bölgədə seysmik aktivliyin və hava şəraitinin diqqətlə izlənilməsinin vacibliyini vurğulayırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.