İsrail ordusu: İrana zərbə endirmək üçün hazırda əməliyyat zərurəti yoxdur

İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir hesab edir ki, gələn həftə keçiriləcək Knesset seçkilərinə qədər İrana qarşı zərbələrin bərpasına hazırda əməliyyat zərurəti yoxdur.
İsrailin 13-cü televiziya kanalının məlumatına görə, Zamir bu barədə danışarkən bildirib: “Seçkilərə qədər İrana zərbə endirməyin zəruri olduğuna dair heç bir əlamət görmürük. Əgər belə bir zərbənin zəruri olduğu qənaətinə gəlsək, onu endirəcəyik”.
Məlumata görə, Zamir bu yaxınlarda hərbi komandanlıq nümayəndələri ilə keçirilən qapalı müşavirədə çıxış edib. O, hazırda zərbəyə ehtiyac olmadığını bildirsə də, zərurət yaranacağı təqdirdə ordunun hərəkətə keçməyə hazır olduğunu vurğulayıb.
ABŞ və İsrailin mümkün hərbi əməliyyat planları
“The New York Times” qəzeti çərşənbə günü ABŞ rəsmilərinə və vəziyyətlə tanış olan digər mənbələrə istinadən yazıb ki, Vaşinqton və Təl-Əviv ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı hərbi zərbələri bərpa etmək üçün planlar hazırlayıblar.
Nəşrin məlumatına görə, hər iki ölkə mümkün “qısa, lakin intensiv əməliyyata” hazırlıq çərçivəsində hərbi təlimlərin intensivliyini artırıb.
Mümkün hədəflər sırasında İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatları arsenalı göstərilir.
İsrail İran yaxınlığında genişmiqyaslı hərbi uçuşlar keçirib
“Axios” portalının məlumatına görə, bazar ertəsi İsrail Hərbi Hava Qüvvələri İran sərhədləri yaxınlığında güc nümayişi xarakterli genişmiqyaslı əməliyyat keçirib. Uçuşlar zamanı hava zərbələrinin endirilməsi ssenarisi imitasiya olunub.
Portalın mənbələrinin bildirdiyinə görə, qırıcıların uçuş marşrutu İrana mümkün hücum ssenarisinə uyğun olub. Təyyarələr Suriya və İraqın hava məkanından keçiblər.
İddiaya əsasən, İsraildən təxminən 800 kilometr məsafədə və İranın bilavasitə yaxınlığında keçirilən əməliyyata onlarla qırıcı təyyarə və havada yanacaq dolduran təyyarə cəlb edilib.
Qeyd edək ki, İsrail hərbi rəhbərliyinin açıqlaması hazırda İrana zərbə endirmək üçün əməliyyat zərurətinin olmadığını göstərir. Bununla yanaşı, mediada yayılan məlumatlara əsasən, ABŞ və İsrail mümkün hərbi əməliyyat variantlarını nəzərdən keçirməkdə davam edirlər. Hərbi əməliyyatın başlanması ilə bağlı rəsmi qərar barədə məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.