AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pentaqon ABŞ-dakı hərbi bazaları 90 gün ərzində xarici dəstək olmadan fəaliyyət göstərməyə hazırlayır

  • + A
  • - A
  • Bu gün, 08:32

    Pentaqon ABŞ-dakı hərbi bazaları 90 gün ərzində xarici dəstək olmadan fəaliyyət göstərməyə hazırlayır



    Pentaqon genişmiqyaslı müharibə ehtimalına qarşı ABŞ ərazisindəki hərbi bazaların ən azı 90 gün ərzində xarici dəstək olmadan müstəqil fəaliyyət göstərməsini təmin etməyə hazırlaşır. Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

    Yeni tələb ABŞ ordusunun mülki infrastrukturdakı mümkün fasilələrə baxmayaraq hərbi əməliyyatları davam etdirməsini nəzərdə tutan FORTRESS təşəbbüsünün bir hissəsidir.

    Pentaqonun mətbuat katibi Şon Parnell bildirib ki, milli müdafiənin təmin olunmasında mülki və bələdiyyə infrastrukturundan asılılıq qəbuledilməz risk yaradır.

    “Biz milli müdafiəmizi təmin etmək üçün standart mülki bələdiyyə infrastrukturuna arxalanmaq istəmirik. Buna sadəcə yol verə bilmərik. Bu, qəbuledilməz riskdir”, – deyə Parnell vurğulayıb.

    Hərbi bazalar 90 gün müstəqil fəaliyyət göstərməlidir
    FORTRESS proqramına əsasən, ABŞ-ın kontinental hissəsində yerləşən hər bir iri hərbi baza ən azı 90 gün ərzində əsas əməliyyatlarını müstəqil şəkildə davam etdirmək imkanına malik olmalıdır. Bu, elektrik enerjisi, su, yanacaq və rabitə təminatını əhatə edir.

    Parnellin sözlərinə görə, enerji müasir hərbi əməliyyatların əsasını təşkil edir.

    “Elektrik enerjisi olmadıqda rabitəni, su təchizatını, logistikanı, istehsal xətlərini və hətta hərbi komandanlığın əsas strukturlarını itirirsiniz”, – o qeyd edib.

    Bu məqsədlə proqram çərçivəsində kiçik ölçülü nüvə reaktorlarının, genişmiqyaslı batareya enerji saxlama sistemlərinin və mik şəbəkələrin tətbiqi nəzərdə tutulur. Bu sistemlər hərbi obyektlərə uzunmüddətli elektrik kəsintiləri zamanı mülki elektrik şəbəkəsindən ayrılaraq fəaliyyətlərini davam etdirməyə imkan verməlidir.

    “Enerji mənbələri kritik əhəmiyyət daşımalı, müstəqil, etibarlı və ehtiyatlı olmalıdır”, – Parnell bildirib.

    Silah və yanacaq ehtiyatları yaradılacaq
    FORTRESS təşəbbüsü yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır. Pentaqon böhran zamanı mülki zavodların müdafiə sənayesi ehtiyaclarına uyğunlaşdırılması üçün də hazırlıq görür.

    Bununla yanaşı, silahların, yanacağın və digər zəruri materialların fasiləsiz tədarükünü təmin etmək üçün alternativ təchizat zəncirlərinin yaradılması və strateji ehtiyatların toplanması planlaşdırılır.

    Ehtiyatlara aşağıdakılar daxil olacaq:

    sursat və yanacaq;
    kritik əhəmiyyətli minerallar;
    elektron komponentlər;
    ehtiyat hissələri;
    tibbi ləvazimatlar və dərman vasitələri.
    Bu tədbirlərin beynəlxalq təchizat marşrutlarının pozulması və ya ABŞ istehsalçılarının müharibə dövründə artan tələbatı qarşılaya bilməməsi halında hərbi əməliyyatların davamlılığını təmin etməsi nəzərdə tutulur.

    GPS və peyk sistemlərinin sıradan çıxmasına qarşı hazırlıq
    Proqram çərçivəsində hərbi rabitə, naviqasiya və peyk imkanlarının gücləndirilməsi də planlaşdırılır. Xüsusilə GPS siqnallarının bloklanması, rabitə sistemlərinə müdaxilə və kosmik aparatların fəaliyyətinin pozulması şəraitində hərbi əməliyyatların davam etdirilməsinə diqqət yetiriləcək.

    Parnell bildirib ki, bu cür qərarlar qlobal və çoxcəbhəli münaqişə başlayandan sonra deyil, əvvəlcədən qəbul edilməlidir.

    “Qlobal, bir neçə cəbhədə aparılan münaqişənin qızğın vaxtında belə qərarlar qəbul etmək olmaz. Bizim planımız olmalıdır”, – deyə o vurğulayıb.

    Pentaqon rəsmisi FORTRESS proqramını ABŞ ərazisi üçün bir növ “sığorta polisi” kimi xarakterizə edib. Təşəbbüsün əsas məqsədi genişmiqyaslı müharibə nəticəsində infrastrukturun və təchizat zəncirlərinin pozulacağı təqdirdə belə, ABŞ hərbi qüvvələrinin fəaliyyətini davam etdirməsini təmin etməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR