Ukrayna Voronejdə aviasiya zavoduna və körpüyə zərbə endirib: İki nəfər ölüb, 17 nəfər yaralanıb

Oktyabrın 26-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Voronej şəhərinə kütləvi hücum edib. Hadisə nəticəsində iki nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat verib.
Onun sözlərinə görə, bölgənin hava məkanında ümumilikdə 113 pilotsuz uçuş aparatı aşkarlanıb, onlardan 70-dən çoxu birbaşa Voronej üzərində qeydə alınıb.
“Çox təəssüf ki, 1960 və 1973-cü il təvəllüdlü iki kişi həlak olub, 17 nəfər yaralanıb. Yaralılar arasında bir uşaq da var. Onların hamısına tibbi yardım göstərilir”, – deyə Qusev Telegram kanalında yazıb.
Qubernatorun bildirdiyinə görə, yaralananların bir qismi Voronej ətrafında hərəkət edən qatarda olub. Rusiya Dəmir Yolları şirkətinin məlumatına əsasən, qatar Anapadan Moskvaya gedirmiş. Pilotsuz uçuş aparatının vurulmasından sonra qalıqların qatara düşməsi nəticəsində beş nəfər xəsarət alıb.
Sənaye müəssisələrində yanğınlar baş verib
Qusevin sözlərinə görə, hücum nəticəsində bir neçə sənaye müəssisəsində, şəhərin mərkəzində yerləşən ofis binasında, çoxmənzilli yaşayış binasında, məktəb stadionunda və qaraj kooperativində yanğın baş verib.
O, şəhərin demək olar ki, bütün rayonlarında binaların fasad və pəncərələrinin zədələndiyini də bildirib.
Ukraynanın Supernova+ monitorinq kanalının məlumatına görə, hücumun hədəflərindən biri Birləşmiş Aviasiya Korporasiyasının tərkibinə daxil olan Voronej Təyyarə İstehsalı Müəssisəsi (VASO) olub. Müəssisə Rusiya aviasiya sənayesi üçün strateji əhəmiyyət daşıyır və “İlyuşin” aviasiya kompleksinin filialı kimi fəaliyyət göstərir.
Məlumata əsasən, zərbələr zamanı şəhərin Mərkəzi rayonunu Jeleznodorojnı rayonu ilə birləşdirən Şimal körpüsü də hücuma məruz qalıb.
Yaşayış binalarına və biznes mərkəzinə ziyan dəyib
Astra nəşrinin şahidlərin çəkdiyi foto və videolar əsasında apardığı araşdırmaya görə, hava hücumu zamanı 25 Yanvar, Arxitektor Troitski və Uritski küçələrinin yerləşdiyi yaşayış məhəllələrində partlayışlar baş verib.
Uritski küçəsində yerləşən və bir il əvvəl istifadəyə verilmiş “Uritski” yaşayış kompleksinin də zərər gördüyü bildirilir.
Bundan başqa, Koltsovskaya küçəsində yerləşən “Qalereya Çijova” biznes mərkəzinə də pilotsuz uçuş aparatlarından birinin dəydiyi qeyd olunur. Mərkəzin rəsmi saytında 25 mərtəbəli binanın şəhər mərkəzinin əsas memarlıq simvollarından biri olduğu vurğulanır.
45-ci Atıcı Diviziyası küçəsində isə azı 10 avtomobilin yandığı bildirilir.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bundan əvvəl oktyabrın 23-də də Voronejə zərbələr endirib. Həmin vaxt pilotsuz uçuş aparatlarının şəhərdəki “Baltimor” hərbi aerodromunu hədəf aldığı bildirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.