Polşa Ukraynaya iki MiQ-29 qırıcısı verəcək

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və digər hərbi texnika təhvil verməyi planlaşdırır.
Bu barədə oktyabrın 29-da “Rzeczpospolita” qəzeti Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri, general Dariuş Lukovskinin açıqlamasına istinadən məlumat yayıb.
General nəşrə bildirib ki, Varşava qırıcıların yaxın vaxtlarda Ukraynaya verilməsi barədə qərar qəbul edib. Qəzetin məlumatına görə, təyyarələrdən birinin istismar müddəti artıq başa çatıb. Buna görə də Kiyevə həmin təyyarənin yalnız ehtiyat hissələrinin göndərilməsi mümkündür. Digər MiQ-29 qırıcısı isə işlək vəziyyətdədir.
Bundan əlavə, Polşa Ukraynaya digər hərbi texnika, 155 və 152 millimetrlik artilleriya mərmiləri, eləcə də F-16 qırıcılarında quraşdırılan altı lüləli aviasiya topları üçün 20 min ədəd 102 millimetrlik döyüş sursatı verə bilər.
Polşanın Müdafiə Nazirliyi də Kiyevə növbəti hərbi yardım paketinin göndərilməsi planını təsdiqləyib. Bildirilib ki, paketə həm yeni texnika, həm də istismar müddəti başa çatmış avadanlıqlar daxil olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.