ABŞ-da üç media qurumu Tramp administrasiyasını yenidən məhkəməyə verib

ABŞ-ın CNN, MS NOW və Politico media qurumları jurnalistlərə tətbiq edilən məhdudiyyətlərə görə prezident Donald Tramp administrasiyasına qarşı yenilənmiş iddia ilə məhkəməyə müraciət ediblər.
Associated Press-in məlumatına görə, media qurumları Ağ Evi məhkəmənin jurnalistlərin prezidentin mətbuat hovuzuna (press-pool) girişinin bərpası ilə bağlı qərarına əməl etməməkdə ittiham edirlər.
Nəşrlərin iddiasına əsasən, məhkəmə qərarına baxmayaraq, onların jurnalistlərinin Oval kabinetdə və prezident təyyarəsi “Air Force One”da keçirilən tədbirləri işıqlandırmasına hələ də maneə yaradılır.
Oktyabrın 28-də təqdim edilən yenilənmiş şikayətdə media qurumları Trampın onun xoşuna gəlməyən materiallara görə jurnalistlərdən qisas aldığını bildiriblər. Onların fikrincə, bu cür məhdudiyyətlər ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunan söz və mətbuat azadlığını pozur.
Media şirkətlərinin vəkili Teodor Butros kiçik Ağ Evin məhkəmə qərarlarından sonra da jurnalistlərin prezidentin mətbuatla ən çox ünsiyyətdə olduğu məkanlara girişini əngəllədiyini bildirib.
Mübahisənin əsasını dövlət başçısının və ya digər dövlət rəsmilərinin jurnalistlərin dərc etdiyi materialların məzmununa görə onların rəsmi tədbirlərə girişini məhdudlaşdırmaq hüququnun olub-olmaması təşkil edir.
Tramp isə Ağ Evin ərazisinə, prezident təyyarəsinə və digər rəsmi məkanlara giriş icazəsi vermək öhdəliyinin olmadığını, materiallarını qənaətbəxş hesab etmədiyi media qurumlarının jurnalistlərini qəbul etməyə məcbur olmadığını bildirir.
Qeyd edək ki, bu müraciət federal hakim Timoti Kellinin təxminən iki həftə əvvəl çıxardığı qərardan sonra baş verib. Hakim daha əvvəl administrasiyanın jurnalistlərin hüquqi prosedur təminatlarını qoruyan Konstitusiyanın Beşinci Düzəlişini pozduğunu müəyyən etmişdi.
Oktyabrın 13-də isə Kelli media qurumlarının söz azadlığının pozulması ilə bağlı arqumentlərini də əsaslı hesab etmişdi. O, Tramp administrasiyasının jurnalistləri mətbuat hovuzundan kənarlaşdırmasını dövlət siyasəti və milli təhlükəsizlik mülahizələri ilə əsaslandırmaq cəhdlərini rədd etmişdi.
Hakim qərarında jurnalistlərin dərc etdikləri materialların qeyri-dəqiq və qərəzli olması ilə bağlı prezidentin açıqlamalarının məhdudiyyətlərin tətbiqində rol oynadığını vurğulayaraq bunu “baxış bucağına görə qanunsuz ayrı-seçkilik” adlandırmışdı.
CNN, MS NOW və Politico hesab edir ki, administrasiyanın bu addımları yalnız onların deyil, ümumilikdə bütün media qurumlarının fəaliyyətinə təhlükə yaradır. Jurnalistlərin fikrincə, belə presedentlər prezidentin xoşuna gəlməyən materiallar dərc edən digər media orqanlarına qarşı da oxşar məhdudiyyətlərin tətbiqinə yol aça və ictimaiyyətin hökumətin fəaliyyəti barədə dolğun və operativ məlumat əldə etməsinə mane ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.