Qara və Azov dənizlərində 25-dən çox yeni canlı növü aşkarlanıb

Alimlər son 15 il ərzində Qara və Azov dənizlərinin akvatoriyasında əvvəllər bu sularda qeydə alınmayan 25-dən çox canlı növü aşkar ediblər.
Bu barədə RİA Novosti-yə Kuban Dövlət Universitetinin Su bioresursları və akvakultura kafedrasının müdiri Aleksey Abramçuk məlumat verib.
Onun sözlərinə görə, son 15 il ərzində Azov-Qara dəniz hövzəsində əvvəllər burada qeydə alınmayan və ya yalnız ayrı-ayrı su ərazilərində rast gəlinən 25-dən çox növün mövcudluğu müəyyən edilib.
Abramçuk bildirib ki, yeni növləri iki qrupa ayırmaq olar: insan fəaliyyəti nəticəsində bu hövzəyə gətirilənlər və dünya okeanından təsadüfən Azov-Qara dəniz hövzəsinə daxil olaraq burada məskunlaşanlar.
İnsanlar tərəfindən bu dənizlərə gətirilən növlər arasında kefalkimilər fəsiləsinə aid olan pelengas balığını xüsusi qeyd edib.
Alimin sözlərinə görə, Azov-Qara dəniz hövzəsinin təbii şəraiti pelengas üçün onun tarixi yaşayış arealından daha əlverişlidir. Hətta bioloji göstəricilər baxımından Uzaq Şərqdəki yerli pelengas populyasiyasının bəzi fərdləri bu hövzədə yaşayan növlərin nümayəndələrindən geri qalır.
Qara dənizə müstəqil şəkildə daxil olaraq burada məskunlaşan növlər arasında Atlantik və Sakit okeanlarda geniş yayılmış dairəvi sardinella, eləcə də Aralıq dənizində yaşayan dorada balığı da var.
Bundan başqa, Azov-Qara dəniz hövzəsində qızılı spar, kiçikbaşlı sorucu balıq, bir neçə növ sıf balığı, o cümlədən qızılbaş, Şteynits və qırmızıağız sıf növləri, dördzolaqlı və zebra xromoqobiusları, yaşıl dəniz itbalığı və adi iynəbalığı da qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.