Şimali Koreya strateji qanadlı raketin sınaqlarını keçirib

Şimali Koreya strateji qanadlı raketin döyüş başlığının gücünü və şaquli zərbə endirmə qabiliyyətini qiymətləndirmək məqsədilə sınaqlar həyata keçirib.
Bu barədə noyabrın 3-də Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, Şimali Koreya Raket Sənayesi Baş İdarəsinin Döyüş Başlıqları İnstitutu raketin kaset tipli döyüş başlığının dağıdıcı gücünü yoxlayıb. Sınaqlar zamanı orta ölçülü qanadlı raketin kaset döyüş başlığının 5–6 hektar ərazidə yerləşən hədəfləri yüksək sıxlıqlı zərbə ilə məhv etmək qabiliyyətinin təsdiqləndiyi bildirilib.
Sınaqlara Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komissiyasının üzvü, partiyanın Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini, ordu generalı Kim Çon Sik rəhbərlik edib.
Qurumun açıqlamasında qeyd olunub ki, sınaqlar döyüş sistemlərinin effektivliyini və gücünü artırmaq məqsədilə həyata keçirilən müntəzəm elmi-tədqiqat fəaliyyətləri çərçivəsində keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.