ABŞ NATO ölkələrindən Ukraynaya silah alınması üçün daha çox vəsait ayırmağı tələb edəcək

ABŞ NATO müttəfiqlərini Ukrayna üçün silah və sursat alınmasına əlavə vəsait ayırmağa çağırmağı planlaşdırır. Buna səbəb Vaşinqtonun artıq təsdiqlənmiş silah partiyalarına görə təxminən 2 milyard dollar vəsaiti hələ əldə etməməsidir.
Bloomberg agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, əlavə maliyyələşdirmə Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) proqramının davamlılığını təmin etmək üçün lazımdır.
Mənbələrin bildirdiyinə görə, ABŞ ödəniş daxil olmadan da silah tədarükünü həyata keçirməyə hazırdır. Lakin bu yanaşma proqramda maliyyə çatışmazlığını daha da artırır.
PURL mexanizmi 2025-ci ilin iyulunda ABŞ və NATO ölkələri tərəfindən yaradılıb. Bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın Kiyevə birbaşa maliyyə yardımı ayırmaqdan imtina etməsindən sonra işə salınıb. Proqram çərçivəsində NATO üzvü olan ölkələr Ukrayna ordusunun ehtiyacları üçün ABŞ-dan silah və sursat alınmasını maliyyələşdirirlər.
Xüsusilə, Ukraynanın hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot kompleksləri üçün nəzərdə tutulan raketlərin böyük hissəsi bu mexanizm vasitəsilə tədarük olunur.
Bloomberg-in mənbələrinin sözlərinə görə, ötən ay ABŞ Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq PURL çərçivəsində tədarükləri dayandırmaqla hədələyib. Lakin bu təhdid reallaşmayıb və proqram fəaliyyətini davam etdirib.
Mənbələr əlavə ediblər ki, Donald Trampın bu məsələ ilə bağlı açıqlamaları NATO müttəfiqləri arasında müəyyən çaşqınlıq yaradıb və bəzi hallarda onları proqramın maliyyələşdirilməsinə vəsait ayırmağa razı salmaq çətinləşib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl Kiyevin Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün təsdiqini təxminən bir aydır gözlədiyini bildirib. Onun sözlərinə görə, Ukrayna bu il Patriot sistemləri üçün ayda orta hesabla cəmi 12 raket əldə edir.
ABŞ Müdafiə Nazirliyi isə ölkənin siyasətində heç bir dəyişikliyin olmadığını və PURL proqramının əvvəlki qaydada fəaliyyət göstərdiyini bəyan edib.
Bununla yanaşı, Politico nəşrinin NATO diplomatlarına istinadən yazdığına görə, Avropa müttəfiqləri ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra Vaşinqtonun Ukraynaya dəstəyinin zəifləyə biləcəyindən narahatdırlar.
Diplomatların fikrincə, Donald Tramp NATO ölkələrinə təzyiqi artıra, o cümlədən Kiyevə hərbi yardım proqramını məhdudlaşdıra bilər. Belə bir vəziyyətdə Avropa ölkələrinin ABŞ silahlarının mümkün tədarük azalmasını kompensasiya etməsi çətin olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.