Peskov: Əbu-Dabidə keçiriləcək danışıqlarda avropalılar iştirak etməyəcək

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Əbu-Dabidə keçiriləcək Rusiya-Ukrayna danışıqlarında Avropa ölkələrinin nümayəndələrinin iştirak etməyəcəyini bildirib.
Peskovun sözlərinə görə, qarşıdakı günlərdə Əbu-Dabidə Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə üçtərəfli danışıqlar keçiriləcək.
Kremlin sözçüsü Avropa nümayəndələrinin görüşdə iştirakı ilə bağlı yayılan məlumatları şərh edərkən bildirib ki, ABŞ-ın Avropa ölkələri, eləcə də Ukraynanın avropalı tərəfdaşları ilə ayrıca əlaqə kanalları mövcuddur. Onun sözlərinə görə, tərəflər öz aralarında koordinasiya mexanizmi formalaşdırırlar.
Peskov bir daha vurğulayıb ki, Əbu-Dabidəki görüşün formatı Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlardan ibarət olacaq.
Qeyd edək ki, bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin nümayəndələrinin danışıqlarda iştirak etmək üçün Əbu-Dabiyə gələcəyini açıqlamışdı. O, Avropa ölkələrinin görüşdə layiqincə təmsil olunacağını bildirmişdi.
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə danışıqların noyabrın 10-11-də keçirilməsi planlaşdırılır. Bu, fevralın ortalarından sonra tərəflər arasında bu formatda baş tutacaq ilk görüş olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.