Şarl” fırtınası Portuqaliyaya güclü zərbə vurub: 200-dən çox aviareys ləğv edilib, məktəb və mağazalar bağlanıb

“Şarl” fırtınası Portuqaliyaya güclü zərbə vurub: 200-dən çox aviareys ləğv edilib, məktəb və mağazalar bağlanıb
Portuqaliyada çərşənbə günü ölkəni cənginə alan “Şarl” fırtınası səbəbindən 200-dən çox uçuş ləğv edilib. Güclü yağış və fırtınalı küləklə müşayiət olunan təbii hadisə nəticəsində məktəblər, yüzlərlə supermarket və müxtəlif müəssisələr də fəaliyyətini dayandırıb. Bu barədə “Reuters” məlumat yayıb.
Fırtınanın ilkin proqnozlarla müqayisədə daha zəif olmasına baxmayaraq, hökumət qabaqlayıcı tədbirlər görüb. Yanvar və fevral aylarında baş verən bir sıra fırtınalara hakimiyyətin gec reaksiya verməsi ilə bağlı tənqidlərdən sonra bütün fövqəladə hallar xidmətləri və hərbi bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məktəblərdə dərslər dayandırılıb, ikinci dərəcəli dövlət müəssisələri bağlanıb, sakinlərə isə evdə qalmaq tövsiyə olunub.
Portuqaliyanın Dəniz və Atmosfer İnstitutunun məlumatına görə, Atlantik okeanı üzərində siklon iki hissəyə bölünüb. Bu isə onun ölkənin cənubundakı Alqarve bölgəsinə çatmazdan əvvəl gücünü itirməsinə səbəb olub. Axşam saatlarında fırtınanın Portuqaliyanın cənubunun böyük hissəsini və Lissabon bölgəsini əhatə edəcəyi gözlənilirdi.
Mülki Müdafiə İdarəsinin rəhbəri Mario Silvestrenin sözlərinə görə, qəfil daşqınlar, güclü külək və hündür dalğalar təhlükəsi səbəbindən ölkədə yüksək hazırlıq rejimi saxlanılır. Gecə yarısından etibarən fövqəladə hallar xidmətləri 538 hadisə qeydə alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.