Tramp: ABŞ İran üzərində tam qələbə qazanmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişədə qismən deyil, tam qələbə əldə etməyi hədəflədiyini bəyan edib.
Tramp bu barədə noyabrın 11-də Veteranlar Günü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı bildirib. Tədbir Ağ Evin rəsmi YouTube kanalında yayımlanıb.
Amerika lideri qeyd edib ki, ABŞ 93 faizlik qələbə ilə kifayətlənmək niyyətində deyil və münaqişənin tam qələbə ilə başa çatmasını istəyir.
“Biz 93 faizlik qələbə ilə deyil, tam qələbə qazandığımıza əmin olmaq istəyirik. Qələbə tam olacaq. Onların dağıtdıqlarımızın hamısını bərpa etməsi 25 il çəkəcək”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Vaşinqtonun İranla müharibəni başlatmadığını iddia edib. Onun sözlərinə görə, hazırkı administrasiya Tehranın addımlarına qarşı sərt mövqe nümayiş etdirərək ciddi cavab zərbəsi endirib.
Tramp həmçinin münaqişənin nə vaxt başa çatacağına ABŞ-ın qərar verəcəyini bildirib.
“Amerika İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır”, – deyə o qeyd edib.
Dövlət başçısı çıxışında münaqişədə iştirak edən ABŞ hərbçilərinə də təşəkkürünü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.