Si Cinpin: Tayvan məsələsinin həlli Çinin tarixi vəzifəsidir

Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvan məsələsinin həllinin və milli birliyin təmin olunmasının Çin xalqının ortaq arzusu və ölkənin tarixi vəzifəsi olduğunu bəyan edib.
Si Cinpin bu barədə Çin Respublikasının ilk prezidenti Sun Yat-senin (1866–1925) anadan olmasının 160 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. Onun fikirlərini noyabrın 12-də “Sinxua” agentliyi yayıb.
Çin lideri qeyd edib ki, Tayvan məsələsinin həlli və milli birliyin tam təmin olunması Çin Kommunist Partiyasının dəyişməz tarixi vəzifəsidir.
“Bu, bütün Çin xalqının ortaq arzusudur və Çin millətinin böyük dirçəlişinin reallaşdırılması üçün qaçılmaz tələbdir”, – deyə Si Cinpin vurğulayıb.
O, Pekinin Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrin separatçı fəaliyyətinin heç bir formasına yol verməyəcəyini bildirib.
Si Cinpin Tayvan boğazının hər iki sahilində yaşayan çinliləri, eləcə də ölkə daxilində və xaricindəki Çin xalqını separatçı qüvvələrə qarşı birgə fəaliyyət göstərməyə və münasibətlərin dinc inkişafına töhfə verməyə çağırıb.
Çin liderinin sözlərinə görə, Pekin adanın yenidən birləşdirilməsi prosesində Tayvanın real vəziyyətini, eləcə də orada yaşayan insanların maraq və hisslərini nəzərə almağı planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.