İran və husilər ABŞ-ın hərbi gücünü ciddi sınaq qarşısında qoyub

İranın və Yəməndəki husilərin ballistik raket imkanlarının artması ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu və qlobal hərbi strategiyasını sual altına alıb. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.
Nəşrin məlumatına görə, texnoloji inkişaf nəticəsində ballistik raketlərin istehsalı ucuzlaşıb, dəqiqliyi isə artıb. Bu, əvvəllər əsasən nüvə silahına malik böyük dövlətlərin istifadə edə bildiyi imkanların İran və husilər kimi aktorlar üçün də əlçatan olmasına şərait yaradıb.
Ekspertlər hesab edirlər ki, bu tendensiya dünya ölkələrinin hərbi doktrinalarına təcili və fundamental dəyişikliklər edilməsini zəruri edir. Ukraynada müharibə zamanı pilotsuz uçuş aparatlarının tətbiqində baş verən inqilabla yanaşı, raket texnologiyalarının inkişafı da qlobal təhlükəsizlik üçün ciddi strateji nəticələr doğurur.
Bunun nəticəsində ABŞ-ın Avropa və Asiyadakı hərbi mövcudluğu, eləcə də mühüm hərbi bazalar və kritik infrastruktur obyektləri daha böyük təhlükə ilə üz-üzə qalır.
Böyük Britaniya Hərbi Hava Qüvvələrinin istefada olan marşalı, hazırda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) Yaxın Şərq üzrə nümayəndəliyinə rəhbərlik edən Martin Sampson bildirib ki, ballistik raketlərin inkişafı qeyri-dövlət silahlı qruplaşmalarına da uzaq məsafələrdəki hədəfləri vurmaq imkanı yaradıb.
Onun sözlərinə görə, bu dəyişiklik hərbi əməliyyatların coğrafi miqyasına dair ənənəvi təsəvvürləri dəyişir, lakin mövcud hava hücumundan müdafiə sistemləri yeni təhdidlərə uyğunlaşmaqda geri qalır.
“Artıq istənilən sabit obyekt potensial hədəfə çevrilib”, – deyə Sampson vurğulayıb.
WSJ-nin yazdığına görə, İran cari il ərzində ABŞ-ın hərbi bazalarına ciddi ziyan vurmağa nail olub. Bu hücumlar Vaşinqtonu Fars körfəzi regionundakı bir sıra mühüm obyektlərdən istifadədən imtina etməyə məcbur edib. Bəhreyn paytaxtının sahilboyu ərazisində yerləşən Amerika hərbi komplekslərində məhv edilmiş radar və rabitə sistemlərinin yanmış qalıqlarının hələ də qaldığı bildirilir.
Digər tərəfdən, İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanının hava limanlarına və enerji obyektlərinə hücumlarını davam etdirirlər. Bu hücumlar maliyyə və hərbi imkanlarına görə onlardan qat-qat üstün olan rəqibə iqtisadi təzyiq göstərmək məqsədi daşıyır.
Məqalədə qeyd olunur ki, ABŞ və onun regiondakı müttəfiqləri ballistik raketlərə qarşı əsas müdafiə vasitələri hesab olunan “Patriot” və THAAD sistemləri üçün nəzərdə tutulan raket-ələkeçiricilərin çatışmazlığı ilə üzləşirlər.
Bu qlobal çatışmazlıq Ukraynanın müdafiə imkanlarına da mənfi təsir göstərir. Nəticədə ölkə Rusiyanın enerji infrastrukturu, strateji körpülər və sənaye müəssisələrinə qarşı həyata keçirdiyi genişmiqyaslı raket hücumları qarşısında lazımi müdafiə imkanlarından məhrum qala bilər.
WSJ hesab edir ki, yaranmış disbalans ABŞ-ın hərbi əməliyyatlar strategiyası üçün fundamental əhəmiyyət daşıyır.
İkinci Dünya müharibəsindən sonra Vaşinqton müttəfiqlərinin təhlükəsizliyini təmin etmək və rəqib dövlətləri çəkindirmək məqsədilə dünyanın müxtəlif bölgələrində geniş hərbi baza şəbəkəsi yaradıb. Lakin hazırkı vəziyyət göstərir ki, hətta nisbətən zəif dövlətlər və qeyri-dövlət silahlı qruplaşmaları da bu obyektləri yüzlərlə, hətta minlərlə kilometr məsafədən hədəfə ala bilirlər.
Məqalədə vurğulanır ki, Çin, Rusiya və Şimali Koreya daha böyük və texnoloji baxımdan daha təkmil ballistik raket arsenalına malikdir. Bu ölkələrin raket istehsalı tempi isə ABŞ və müttəfiqlərinin raket-ələkeçirici istehsalı imkanlarını əhəmiyyətli dərəcədə üstələyir.
Pentaqon məsələ ilə bağlı nəşrin sorğusuna operativ şərh verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.