Politico: Tramp ABŞ-ın vitse-prezidenti Vensi İranla danışıqlar prosesindən kənarlaşdırıb

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla diplomatik danışıqlar prosesində iştirakını dayandırıb. Vens bundan sonra ABŞ-ın demokratlar tərəfindən idarə olunan ştatlarında korrupsiya və cinayətkarlıqla bağlı məsələlərə diqqət yetirəcək.
Bu barədə noyabrın 12-də “Politico” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, belə qənaət Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımına əsaslanır. ABŞ prezidenti bundan əvvəl Vaşinqtonun Tehranla yeni razılaşma əldə etməsinə artıq ehtiyac olmadığını bildirib. Onun fikrincə, ABŞ-ın İrana təzyiq göstərmək üçün kifayət qədər imkanları var.
Tramp daha sonra Vensə müraciət edərək onun fəaliyyət istiqamətinin dəyişdirildiyini açıqlayıb:
“Mən vitse-prezident Vensdən diqqətini tamamilə ABŞ-ın demokratlar tərəfindən idarə olunan şəhər və ştatlarında baş verən genişmiqyaslı korrupsiya və cinayətkarlıq hallarına yönəltməsini xahiş etdim”.
Bundan sonra Vensin Minnesota, Kaliforniya və İllinoys ştatlarında, eləcə də Demokratlar Partiyasının nümayəndələri tərəfindən idarə olunan digər bölgələrdə ehtimal olunan qanun pozuntuları ilə bağlı məsələlərlə məşğul olacağı bildirilir.
Qeyd olunur ki, Trampın bu qərarı Vensin İranla uzunmüddətli münaqişənin respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinə təsir göstərdiyi barədə açıqlamasından sonra verilib. Vitse-prezident ötən həftə müharibənin partiyanın Konqresin hər iki palatasında çoxluğu itirməsinin səbəblərindən biri olduğunu bildirmişdi. Tramp da daha əvvəl oxşar fikirlər səsləndirmişdi.
Xatırladaq ki, Vens əvvəllər Vaşinqtonla Tehran arasında diplomatik təmaslarda mühüm rol oynayıb. Aprel ayında o, Pakistanın ev sahibliyi etdiyi və münaqişəyə son qoyulması imkanlarının müzakirə olunduğu görüşdə ABŞ nümayəndə heyətinə rəhbərlik edib. Lakin tərəflər həmin danışıqlarda razılığa gələ bilməyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.