Hindistan Hərbi Hava Qüvvələrinin zabiti intim fotolar müqabilində məxfi məlumatları ötürməkdə ittiham olunur

Hindistan Hərbi Hava Qüvvələrinin eskadrilya komandiri Pakistan kəşfiyyatının əməkdaşına məxfi hərbi məlumatları ötürməkdə şübhəli bilinir. İddialara görə, zabit bu məlumatlar müqabilində qadından intim fotolar alıb.
Bu barədə noyabrın 15-də “The Times of India” qəzeti iş materiallarına istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, zabit Hindistanın hərbi planları, Leh aviabazasının əməliyyat imkanları və pilotsuz uçuş aparatlarından istifadə üsulları barədə məxfi məlumatları Pakistan kəşfiyyatına ötürüb.
Bundan başqa, onun yazışmalarda aviabazadan istifadə tezliyi və orada yerləşdirilə biləcək təyyarələrin növləri barədə də məlumat verdiyi iddia olunur.
Məlumata görə, Pakistan kəşfiyyatının əməkdaşı digər hərbçilərin məlumatlarına da çıxış əldə etməyə çalışıb. O, zabitə tabeliyində olan hərbçilərin telefon və noutbuklarına zərərli proqram təminatı quraşdırmağı təklif edib.
Hindistanlı zabit mayın 30-da saxlanılıb. İstintaqın versiyasına əsasən, onun qadınla əlaqəsi 2026-cı il yanvarın 12-dən aprelin 1-dək davam edib.
Zabit barəsində araşdırmaya onun istifadəsi xidmət xüsusiyyətlərinə görə qadağan edilmiş iPhone telefonunun aşkarlanmasından sonra başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.