AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatların ötürülməsi şəbəkəsində nasazlıq yaranıb

  • + A
  • - A
  • Bu gün, 21:44

    ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatların ötürülməsi şəbəkəsində nasazlıq yaranıb


    ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatların ötürülməsi şəbəkəsində nasazlıq yaranıb

    ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların mübadiləsi üçün nəzərdə tutulan daxili kommunikasiya şəbəkəsində ciddi texniki nasazlıq baş verib.

    CNN telekanalının məlumatına görə, NSA Net adlanan şəbəkənin fəaliyyətində yaranan problem barədə vəziyyətlə tanış olan altı mənbə məlumat verib. İlkin araşdırmalar zamanı nasazlığın kiberhücum nəticəsində baş verdiyini göstərən hər hansı əlamət aşkarlanmayıb.

    Qeyd olunur ki, NSA Net agentliyin əməkdaşları tərəfindən dövlət sirri təşkil edən məlumatların təhlükəsiz mübadiləsi üçün istifadə olunur. Problemin miqyası müəyyənləşdirilənədək qurumda əməkdaşların işə mərhələli şəkildə gəlməsi qrafiki tətbiq edilib.

    Hazırkı və keçmiş ABŞ rəsmilərinin sözlərinə görə, texniki nasazlıq təcili kəşfiyyat məlumatlarının Prezident Donald Trampa çatdırılmasına mane olmayacaq. Belə ki, ABŞ administrasiyasının sərəncamında əsas şəbəkənin fəaliyyətində problem yarandığı halda istifadə edilə bilən bir neçə ehtiyat sistem və alternativ təhlükəsiz rabitə kanalı mövcuddur.

    Nasazlıq Donald Trampın Asiya səfəri fonunda baş verib. Prezident hazırda Filippindədir. Sabah isə Çin sədrı Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Çinə yola düşməsi gözlənilir.

    NSA-da baş verən texniki problem ABŞ-da son günlər qeydə alınan bir sıra irimiqyaslı sistem nasazlıqlarının davamı kimi qiymətləndirilir. Ötən cümə günü ABŞ-da aviasiya sistemlərində yaranan problem səbəbindən ölkə üzrə uçuşlar bir neçə saatlıq dayandırılıb, minlərlə reys gecikib və ya ləğv edilib. ABŞ Federal Aviasiya Administrasiyası nasazlığın Arkanzas ştatında yerləşən bir marşrutlaşdırıcı cihazla əlaqəli olduğunu açıqlayıb.

    Bundan başqa, ötən həftə Microsoft xidmətlərində yaranan genişmiqyaslı texniki problem dünyanın müxtəlif ölkələrində istifadəçilərin Outlook elektron poçtuna və Teams platformasına çıxışını məhdudlaşdırıb.

    Hazırda sadalanan nasazlıqların hər hansı birinin kiberhücumla əlaqəli olduğunu təsdiqləyən məlumat yoxdur. Bununla belə, baş verən hadisələr texnoloji sistemlərdəki adi texniki problemlərin belə dövlət idarəçiliyi, kommunikasiya və milli təhlükəsizlik baxımından nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini bir daha gündəmə gətirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR