Avropa İttifaqı 2033-cü ildən ov və idman atıcılığında qurğuşun güllələrdən istifadəni qadağan edəcək.

Avropa İttifaqı 2033-cü ildən ov və idman atıcılığında qurğuşun güllələrdən istifadəni qadağan edəcək.
Avropa Komissiyası ovçuluq və idman atıcılığı üçün nəzərdə tutulan qurğuşun tərkibli patronların satışına və istifadəsinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib.
Yeni qaydalar ətraf mühitin qurğuşunla çirklənməsinin azaldılması, insanların və heyvanların sağlamlığının qorunmasına yönəlib. Qadağa tərkibində ən azı 1 faiz qurğuşun olan döyüş sursatlarına şamil ediləcək. Məhdudiyyətlər 2033-cü ildən qüvvəyə minəcək.
Avropa Komissiyasının məlumatına görə, Avropa Parlamenti və Avropa İttifaqına üzv dövlətlər bu təşəbbüsə etiraz etməyiblər. Bununla belə, hərbi məqsədlər üçün istifadə olunan sursatlar yeni qadağadan kənarda saxlanılacaq. Bildirilib ki, bu istisna üzv ölkələrin müdafiə qabiliyyətinə mümkün mənfi təsirlərin qarşısını almağa xidmət edir.
Komissiyanın hesablamalarına əsasən, yeni qərar qarşıdakı 20 il ərzində təxminən 550 min ton qurğuşunun ətraf mühitə yayılmasının qarşısını ala bilər. Bunun nəticəsində 1,1 milyon uşağın qurğuşunun sinir sisteminin inkişafına zərərli təsirindən qorunacağı gözlənilir.
Bundan başqa, məhdudiyyətlərin təxminən 156 milyon quşun həyatının qorunmasına töhfə verəcəyi bildirilir. Qeyd olunur ki, qurğuşun saçmaları torpağı və suyu çirkləndirməklə yanaşı, vəhşi heyvanların ətinə də qarışa bilər.
Lakin təşəbbüs ovçuluq təşkilatlarının tənqidi ilə də qarşılaşıb. Onlar atıcılıq poliqonlarının yenidən təchiz olunmasının əlavə maliyyə xərcləri yaradacağını, eləcə də bəzi köhnə model odlu silahlarda qurğuşunsuz patronlardan istifadənin mümkün olmadığını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.