AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa xəstəxanalarında antibiotiklərə davamlı bakteriya sürətlə yayılır

  • + A
  • - A
  • Bu gün, 15:59

    Avropa xəstəxanalarında antibiotiklərə davamlı bakteriya sürətlə yayılır


    Avropa ölkələrinin xəstəxanalarında antibiotiklərə davamlı Klebsiella pneumoniae bakteriyasının törətdiyi infeksiyaların sayı artmaqdadır.

    APA xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) hesabatına istinadən məlumat yayıb.

    Hesabata əsasən, 2019–2025-ci illər ərzində Avropa xəstəxanalarında antibiotiklərə davamlı Klebsiella pneumoniae bakteriyasının səbəb olduğu qan infeksiyalarının sayı 72 faiz artıb. Bu göstərici Avropa İttifaqının 2030-cu ilədək belə infeksiyaların sayını 5 faiz azaltmaq hədəfindən xeyli uzaqdır.

    ECDC mütəxəssisləri bildirirlər ki, bakteriyanın bəzi ştamları hətta yeni nəsil preparatlar da daxil olmaqla, demək olar ki, bütün mövcud antibiotiklərə qarşı davamlılıq qazanıb. Bu isə xəstələrin müalicəsini çətinləşdirir və ağırlaşma riskini artırır.

    Bakteriya xüsusilə stasionar şəraitdə müalicə alan xəstələr üçün təhlükəlidir. Çünki infeksiya xəstələr arasında yayıla bilər.

    ECDC nümayəndəsi Kristian Gisk bildirib ki, antibiotiklərə davamlı Klebsiella pneumoniae Avropada son bir ildə qeydə alınan super bakteriyalarla bağlı əsas narahatlıq doğuran problemdir.

    Onun sözlərinə görə, infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəxanalarda profilaktik tədbirlər gücləndirilməlidir. Buraya əl gigiyenasına ciddi riayət edilməsi, fərdi mühafizə vasitələrindən istifadə və tibbi müəssisələrin mütəmadi dezinfeksiyası daxildir.

    Hesabatda digər antibiotiklərə davamlı bakteriyalarla bağlı vəziyyət də əks olunub. Belə ki, MRSA bakteriyasının törətdiyi qan infeksiyalarının sayı 2025-ci ildə 2019-cu illə müqayisədə 19 faiz azalıb. Bu nəticə Aİ-nin 2030-cu ilədək həmin infeksiyaları 15 faiz azaltmaq hədəfinin artıq yerinə yetirildiyini göstərir.

    Bunun əksinə olaraq, antibiotiklərə davamlı bağırsaq çöplərinin (E. coli) səbəb olduğu infeksiyaların sayı eyni dövrdə 16,4 faiz artıb.

    Agentliyin direktoru Pamela Rendi-Vaqner antibiotiklərə davamlı bakteriyalarla mübarizədə genomik nəzarətin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu üsul infeksiyaların yayılma yollarını daha sürətli izləməyə, təhlükələri vaxtında müəyyənləşdirməyə və effektiv müalicə üsullarını seçməyə imkan verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR