Masallı, 26 fevral — Azadmedia.az
Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir.Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır.
Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb.
Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.
Yeri gəlmişkən, qeyd edək ki, sentyabrın 27-dən etibarən Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş verən gərginlik fonunda Pakistan yenə də birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir: “Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistana qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram”.
Qeyd edək ki, cəbhədə vəziyyətin gərginləşdiyi gün – sentyabrın 27-də Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yayıb. Pakistan Xarici İşlər Nazirliyinin həmin bəyanatında deyilir: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutulmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir.
Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə yeni təyyarələrin təqdim edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bu, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir.
Ceyhun Hüseynov. Masallı RMX İƏ üzrə mütəxəssis
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.