AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İki ölkə münasibətləri yüksək səviyyəli səfərlərlə daha da möhkəmləndi - Özəl

  • + A
  • - A
  • Dünən, 16:31

    İki ölkə münasibətləri yüksək səviyyəli səfərlərlə daha da möhkəmləndi -


    Masallı, 25 fevral — Azadmedia.az



    ​Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb.
    Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır.
    İki ölkə münasibətləri yüksək səviyyəli səfərlərlə daha da möhkəmləndi. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, "Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.
    Bir il sonra - 1996-cı ilin aprelində isə Ulu öndər Heydər Əliyevin dost və qardaş ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm amil olub. Münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri bir-brilərinə ən mühüm məsələlərdə dəstəklədiklərini bəyan ediblər.
    Ulu öndər deyib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.
    Azərbaycanla Pakistan arasında əlaqələr ən müxtəlif sahələrdə inkişaf edir, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər strukturlarda bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşuldu, bu da əməkdaşlıq dairəsini, iqtisadi inkişaf perspektivlərini daha da genişləndirmiş oldu.
    Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib, Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib.
    Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib.

    Ceyhun Hüseynov. Masallı RMX İƏ üzrə mütəxəssis


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR