Politoloq Ülkər Piriyeva - “Azərbaycan-İran Münasibətlərində Yeni Strateji Mərhələ“
Politoloq Ülkər Piriyeva
Bakı, 29 Aprel — Azadmedia.az
28 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın iştirakı ilə keçirilən geniş tərkibdə görüş Cənubi Qafqaz və Yaxın Şərq regionunda mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin və prezident Məsud Pezeşkianın çıxışları Azərbaycan-İran münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını təsdiqlədi.
Əvvəla, İlham Əliyevin bəyanatında tarixi ortaq köklərə, xalqların qardaşlıq ənənəsinə və mədəni bağların dərinliyinə xüsusi vurğu edilməklə, bu münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də sarsılmaz tarixi əsaslara dayandığı mesajı verildi. Bu, gələcəkdə əlaqələrin davamlılığını təmin edən əsas ideoloji xətt kimi çıxış edir.
Prezident İlham Əliyevin iki ölkə arasında strateji münasibətlərin təsdiqlənməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vurğulanması və regional təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyətin zəruriliyi barədə açıqlamaları, Azərbaycanın qonşuluq siyasətində sabitliyə və əməkdaşlığa nə qədər böyük önəm verdiyini nümayiş etdirdi.
Xüsusilə qeyd etmək lazımdır ki, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı mövzusu danışıqların əsas mərkəzində yer aldı. Bu təşəbbüs, təkcə Azərbaycan və İran üçün deyil, bütövlükdə Avrasiya regionu üçün böyük iqtisadi və geostrateji əhəmiyyətə malikdir. Prezident Əliyevin də vurğuladığı kimi, Azərbaycanın bu dəhlizdə infrastrukturun genişləndirilməsi istiqamətində atdığı addımlar ölkənin regional tranzit mərkəzinə çevrilmək istiqamətində strategiyasının mühüm hissəsidir.
Mədəniyyət sahəsində əməkdaşlığın yenidən canlandırılması qərarı isə dövlətlərarası münasibətlərin yalnız rəsmi platformada deyil, xalq-diplomatiyası səviyyəsində də inkişaf etdirilməsi üçün düşünülmüş addımdır. Ədəbiyyat, incəsənət, mədəniyyət günləri kimi layihələr xalqlar arasında qarşılıqlı inam və anlayışı daha da möhkəmləndirəcək.
Prezident İlham Əliyevin səmimi tərzdə həmkarına və nümayəndə heyətinə təşəkkür ifadələri, eyni zamanda yüksək hazırlıq səviyyəsinə verdiyi qiymət, bu səfərin rəsmi protokolun fövqündə, qardaşlıq və strateji əməkdaşlıq ruhunda keçdiyini göstərdi.
Nəticə olaraq, bu görüş və imzalanan sənədlər, Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsi, regional və beynəlxalq arenada birgə hərəkət strategiyasının gücləndirilməsi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi istiqamətində yeni bir epoxanın başlanğıcını qoydu. Bu, Azərbaycan diplomatiyasının praqmatik, tarixi köklərə söykənən və gələcəyə yönəlik siyasət xəttinin növbəti uğurlu nümunəsidir.
28 aprel 2025-ci ildə Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkianın görüşü Azərbaycan-İran münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Tarixi, mədəni və strateji əsaslara söykənən bu əməkdaşlıq həm regional sabitliyə, həm də çoxtərəfli iqtisadi inkişaf proseslərinə yeni dinamika gətirəcək.