AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan siyasi sabitliyi və iqtisadi potensialı ilə daha cəlbedici ölkəyə çevrilib

  • + A
  • - A
  • Dünən, 22:22

    Azərbaycan siyasi sabitliyi və iqtisadi potensialı ilə daha cəlbedici ölkəyə çevrilib

    Məşhur Məmmədov,
    Millət vəkili


    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə ölkənin yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul etdi.
    Onların arasında İsrail Dövlətinin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz da vardı.

    Azərbaycan ilə İsrail arasında əlaqələrin ildən-ilə genişləndiyi, əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi və gələcəkdə daha da dərinləşəcəyinə əminlik ifadə olunan görüşdə ölkə başçısı İlham Əliyev bu münasibətlərin ölkələrimiz arasında dostluq və qarşılıqlı etimada əsaslandığını xüsusi vurğulayıb.

    Azərbaycan xalqı yaxşı xatırlayır ki, 2020-ci il Vətən Müharibəsi dövründə İsrail Azərbaycanın yanında oldu, ölkəmizin haqq işinə dəstək verdi. Bu, dövlətlərimiz və xalqlarımız arasındakı dostluğun sınaqdan keçmiş nümunəsi kimi tarixə düşüb. Məhz bu yaxınlıq nəticəsində bu gün əməkdaşlıq həm təhlükəsizlik, həm də iqtisadi və texnoloji sahələrdə strateji xarakter daşıyır.

    Bu gün də İsrail tərəfi Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və regionda yeni geosiyasi reallıqları qəbul edir.

    Azərbaycan–İsrail münasibətlərini yalnız hərbi-texniki əməkdaşlıqla məhdudlaşdırmaq düzgün olmazdı. Bu əlaqələr iqtisadi, kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və humanitar sahələrdə də genişlənməkdədir. İsrail şirkətlərinin ölkəmizdə həyata keçirdiyi layihələr, kənd təsərrüfatında müasir suvarma texnologiyalarının tətbiqi Azərbaycanın ərzaq təhlükəsizliyinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.

    Eyni zamanda, İsraildə yaşayan yarım milyondan çox azərbaycanlı yəhudinin varlığı münasibətlərə xüsusi bir insani məzmun qazandırır. Tarixi ənənəvi dostluq, dini və mədəni tolerantlıq üzərində qurulmuş bu əlaqələr digər dövlətlər üçün də nümunədir.

    Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Yaxın Şərqdə etibarlı tərəfdaş kimi qəbul olunur. İsraillə münasibətlərin yeni mərhələsi isə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır, regional və qlobal miqyasda mövqelərimizi gücləndirir.
    Yeni səfir regionda sülh və təhlükəsizliyin təmin olunması baxımından mühüm bir mərhələdə ölkəmizdə fəaliyyətə başlayır.

    Öz növbəsində səfir Ronen Krausz Azərbaycan ilə İsrail arasında münasibətlərin strateji xarakterini vurğulayıb, xalqlarımız arasında əsl dostluğun mövcud olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda yəhudi icmasına göstərilən qayğıya görə minnətdarlığını ifadə edib və bunun ölkələrimiz arasında münasibətlərin səmimiyyətinin bariz nümunəsi olduğunu qeyd edib.

    Bu görüş bir daha təsdiqlədi ki, Azərbaycan–İsrail əlaqələri artıq təkcə dostluq çərçivəsində deyil, strateji tərəfdaşlıq səviyyəsindədir.

    Prezident İlham Əliyevin uğurlu və balanslaşdırılmış siyasəti nəticəsində Azərbaycan bu gün regionda etibarlı tərəfdaş, qlobal miqyasda isə mühüm geosiyasi oyunçu kimi çıxış edir. İsraillə münasibətlərin yeni mərhələyə qədəm qoyması da məhz bu siyasətin uğurlarının bariz göstəricisidir. Azərbaycan artıq yalnız enerji resursları ilə deyil, həm də siyasi sabitliyi, iqtisadi potensialı və açıq əməkdaşlıq mühiti ilə dünyada daha cəlbedici ölkəyə çevrilib.

    Bu reallıq onu göstərir ki, dövlət başçımızın müəyyənləşdirdiyi uzaqgörən kurs Azərbaycanı həm regional, həm də beynəlxalq tərəfdaşlar üçün strateji əhəmiyyətli bir mərkəz halına gətirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR