Bu gün Bakıda ilk dəfə olaraq WUF tarixində xüsusi QHT Forumu təşkil olundu. Tədbiri Azərbaycanın QHT Agentliyi və 116 ölkədən təşkilatları birləşdirən “Global South NGO Platform” birgə keçirdi. Tədbirdə ümumilikdə 800-ə yaxın yerli və xarici QHT nümayəndəsi iştirak ediirdi
Forumda çıxış edən BMT rəsmiləri bildirdi ki, bu tədbir WUF üçün tarixi hadisədir. Onların sözlərinə görə, şəhərlərin inkişafında və qərarların qəbulunda vətəndaş cəmiyyətinin rolu çox vacibdir.
Prezidentin köməkçisi Hikmət Hacıyev çıxışında bildirdi ki, Azərbaycan hazırda Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlıq və dialoq üçün mühüm platformaya çevrilib. O, həmçinin qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış və minalarla çirklənmiş ərazilərdə yeni şəhərlər qurulur və həyat yenidən bərpa olunur. Azərbaycan bu sahədəki təcrübəsini başqa ölkələrlə bölüşməyə hazırdır.
BMT-nin sabiq rəsmisi Maimunah Mohd Sharif bildirdi ki, şəhərlərin gələcəyini yalnız hökumətlər yox, yerli icmalar və QHT-lər də birlikdə formalaşdırmalıdır. O, Azərbaycanda yüzlərlə yerli və xarici QHT-nin bir araya gəlməsini yüksək qiymətləndirdi.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Al-Khatib “Global South NGO Platform”u uğurlu təşəbbüs adlandırıb və onun Bakıda yaradılmasını mühüm addım kimi qiymətləndirib. O vurğulayıb ki, gələcəkdə şəhərlərdə yaşayan insanların sayı daha da artacaq və xüsusilə Qlobal Cənub ölkələri iqlim dəyişikliyi, su çatışmazlığı, miqrasiya və mənzil problemləri ilə daha çox üzləşəcək.
QHT Agentliyinin sədri Aygün Əliyeva bildirdi ki, qurum bundan sonra da yerli və xarici QHT-lər arasında əməkdaşlığın inkişafına dəstək verəcək.
Forum çərçivəsində “Davamlı və inklüziv şəhər inkişafı” mövzusunda panel müzakirəsi də keçirildi. Müzakirələr zamanı WUF13-də iştirak edən QHT-lərin “Global South NGO Platform”un şəhərsalma üzrə xüsusi qanadını yaratması təklif olundu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.