AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaricdə oxuyan tələbələrin ailələri aviabilet qiymətlərindən narazıdır: “Övladımız Vətənə, doğmalarına həsrət qalıb”

  • + A
  • - A
  • Bu gün, 13:19

    Xaricdə oxuyan tələbələrin ailələri aviabilet qiymətlərindən narazıdır: “Övladımız Vətənə, doğmalarına həsrət qalıb”

    Son dövrlər xaricdə təhsil alan azərbaycanlı tələbələrin ailələri arasında ən çox narazılıq doğuran məsələlərdən biri aviabiletlərin qiymətidir. Xüsusilə Türkiyədə təhsil alan minlərlə tələbənin valideyni hesab edir ki, yüksək bilet qiymətləri həm ailələri çətin vəziyyətə salır, həm də gənclərin Vətənlə bağlarını zəiflədir.

    Ankarada təhsil alan tələbə atasının – Bakı şəhər sakini Süleyman İsmayılbəylinin sözlərinə görə, artıq övladını görmək ailə büdcəsi üçün ciddi problemə çevrilib:

    “Uşağı oxutmaq özü onsuz da ağır yükdür. Təhsil haqqı, kirayə, gündəlik xərclər… Amma ən ağırı odur ki, bəzən övladımız aylarla evə gələ bilmir. Çünki bir nəfərin bileti 800-1000 manata çıxır. Bu qiymətlər normal deyil”.

    Anlarada təhsil tələbənin anası Zülfiyyə Quliyeva da eyni problemdən şikayətlənir. O bildirir ki, orta təbəqə ailələr üçün bu xərcləri qarşılamaq getdikcə çətinləşir:

    “Biz zəngin ailə deyilik. İllərlə qənaət etmişik ki, uşağımız oxusun, gələcəkdə ölkəsinə faydalı insan olsun. Amma indi ən böyük problem təhsil yox, gediş-gəlişdir. Övladımızı yayda da görə bilmirik”.

    Valideynlər qeyd edir ki, xaricdə təhsil alan tələbələrin böyük əksəriyyəti imkanlı ailələrin övladları deyil. Bir çox ailə borc götürərək, öz ehtiyaclarından kəsərək uşaqlarını təhsil almağa göndərir. Buna baxmayaraq, aviabiletlərin yüksək qiyməti tələbələrin ailələri ilə əlaqəsini çətinləşdirir.

    Mütəxəssislər hesab edir ki, məsələ təkcə maddi çətinlik deyil. Bu vəziyyət zamanla gənclərdə psixoloji uzaqlaşma da yaradır. Gənc düşünür ki, öz ölkəsinə gəlib-getmək bu qədər çətindirsə, təhsilini başa vurduqdan sonra niyə geri qayıtsın?

    Halbuki bu gün xaricdə təhsil alan tələbələr sabah ölkənin həkimi, müəllimi, mühəndisi, alimləri olacaq. Onların arasında gələcəyin anaları, cəmiyyətə fayda verəcək xanımlar, sabah Vətəni qoruyacaq gənc oğlanlar var. Dövlətin ən böyük sərvəti məhz savadlı və Vətəninə bağlı gənclərdir.

    Valideynlərin tələbi isə sadədir. Heç kim pulsuz bilet istəmir. Onlar tələbələr üçün real güzəşt mexanizmlərinin tətbiq olunmasını, əlçatan qiymət siyasətinin formalaşdırılmasını və alternativ nəqliyyat imkanlarının nəzərdən keçirilməsini istəyirlər.

    Çünki məsələ yalnız bir neçə ailənin problemi deyil. Bu, minlərlə ailəni, minlərlə gəncin gələcəyini düşündürən sosial məsələdir. Əgər dövlət xaricdə təhsil alan gənclərin geri qayıdaraq ölkəyə xidmət etməsini istəyirsə, onların Vətənlə əlaqəsini qorumağı da bacarmalıdır.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR