Ermənistanda keçirilən parlament seçkilərini müşahidə edən beynəlxalq missiya seçkiqabağı kampaniya dövründə Baş nazir Nikol Paşinyan tərəfindən müxalifət nümayəndələrinə qarşı səsləndirilən bəzi bəyanatlarla bağlı narahatlığını ifadə edib.
Bu barədə ATƏT-in seçkilərlə bağlı ilkin hesabatında qeyd olunub. Sənəddə bildirilir ki, bəzi hallarda Paşinyan müxalifət namizədlərini araşdırmalar və onlara məxsus şirkətlərin milliləşdirilməsi ilə hədələyib.
Müşahidəçilərin məlumatına görə, mayın 13-də Araqatsotn vilayətində keçirilən görüş zamanı Paşinyan “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyana məxsus enerji şirkətinin tam şəkildə dövlətləşdiriləcəyini bəyan edib.
Hesabatda qeyd olunur ki, baş nazir seçki kampaniyası dövründə müxalif siyasətçi, Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyana məxsus Ararat sement zavodunun da milliləşdirilməsi niyyətini açıqlayıb. Paşinyan Tsarukyanın partiyasını “müharibə partiyası” adlandıraraq, onu xarici maraqlara xidmət etməkdə ittiham edib.
Bu arada Ermənistanda parlament seçkilərində səslərin hesablanması yekunlaşmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi hakim siyasi qüvvə hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edir.
Seçkilərin nəticələri beynəlxalq aləmdə də diqqətlə izlənilir. Bir sıra Avropa siyasətçiləri Paşinyanı qələbə münasibətilə təbrik edərək gələcək əməkdaşlığa ümid ifadə ediblər. Rusiyada isə səsvermə prosesi zamanı qeydə alındığı iddia edilən pozuntularla bağlı tənqidi fikirlər səsləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.