AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eynulla Fətullayevdən ictimaiyyətə mühüm açıqlama: “Azərbaycanda jurnalistikanı tərk etmək qərarına gəldim” - Səbəb

  • + A
  • - A
  • Bu gün, 18:44

    Eynulla Fətullayevdən ictimaiyyətə mühüm açıqlama: “Azərbaycanda jurnalistikanı tərk etmək qərarına gəldim” - Səbəb


    Tanınmış jurnalist və media rəhbəri Eynulla Fətullayev ictimaiyyətə geniş açıqlama ilə müraciət edərək, uzun illər fəaliyyət göstərdiyi jurnalistika sahəsindən ayrıldığını və rəhbərlik etdiyi Haqqın.az layihəsini satdığını bəyan edib.

    Fətullayev bildirib ki, həyatının 32 ilini Azərbaycanın müstəqil mətbuatına həsr edib və bu müddət ərzində ölkənin ən çox oxunan nəşrlərinin yaradılması və inkişafında iştirak edib. Onun sözlərinə görə, fəaliyyətinin ilk mərhələsində mərhum jurnalist Elmar Hüseynov ilə birlikdə “Monitor” jurnalını bərpa edib, 2005-ci ildə həmkarının qətlindən sonra isə “Reallı Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərini təsis edib. Daha sonra ölkədə ilk müstəqil elmi-nəzəri nəşrlərdən biri hesab olunan “Azərbaycan dünyada” jurnalının əsasını qoyub.

    Jurnalist xatırladıb ki, 2007-ci ildə saxta ittihamlarla həbs olunub və rəhbərlik etdiyi bütün media qurumları fəaliyyətini dayandırıb. O qeyd edib ki, 2010-cu ildə İnsan Haqları üzrə Avropa Məhkəməsi onun işi üzrə qərar qəbul edərək azadlığa buraxılmasını tələb edib, sonrakı illərdə isə ona qarşı irəli sürülmüş digər ittihamlar da hüquqi müstəvidə əsassız hesab olunub.

    Həbsdən sonra qarşısında iki yolun dayandığını deyən Fətullayev ölkəni tərk edib siyasi mühacirət həyatını seçmək əvəzinə, Azərbaycanda qalaraq müstəqil jurnalistikanı inkişaf etdirməyə üstünlük verdiyini vurğulayıb. Məhz bu qərarın nəticəsində Haqqın.az media layihəsinin yaradıldığını bildirib.

    O, fəaliyyəti boyunca siyasətlə məşğul olmadığını, özünü siyasətçi hesab etmədiyini qeyd edib. Hakimiyyətlə münasibətlərinin müxtəlif dövrlərdə dialoq və əməkdaşlıq formatında qurulduğunu desə də, heç vaxt sifariş və göstərişlə işləmədiyini vurğulayıb.

    Açıqlamada 2023-cü ildə Laçında ona qarşı törədildiyini iddia etdiyi təxribatın həyatında dönüş nöqtəsi olduğu qeyd olunub. Fətullayev həmin hadisədən sonra fəaliyyətini davam etdirsə də, zaman keçdikcə müstəqil jurnalistika üçün şəraitin daha da çətinləşdiyi qənaətinə gəldiyini bildirib. Onun sözlərinə görə, 2025-ci ildən sonra vəziyyətin daha təhlükəli xarakter alması jurnalistikadan uzaqlaşmaq qərarını sürətləndirib.

    Jurnalist bildirib ki, Haqqın.az saytının domen adı və ona məxsus MMC-nin bütün paylarını notariat qaydasında iş adamı və politoloq Adəm İsmayılova satıb. O, həmçinin bəzi media dairələrində səslənən iddialara toxunaraq, “Caliber” saytı və Timur adlı şəxs barədə məlumatının olmadığını vurğulayıb.

    Gələcək planlarından danışan Eynulla Fətullayev hazırda biznes fəaliyyəti ilə məşğul olmaq niyyətində olduğunu bildirib. O, Azərbaycanda jurnalistika ilə məşğul olmağın hazırkı şəraitdə “uçurum üzərində nazik kəndirlə yeriməyə” bənzədiyini qeyd edib.

    Bununla yanaşı, regionda və dünyada baş verən mühüm hadisələrə münasibətini sosial şəbəkə hesabları vasitəsilə bölüşməyə davam edəcəyini deyən jurnalist gələcəkdə yenidən peşəsinə qayıdıb-qayıtmayacağı barədə qəti fikir söyləməyib:

    “Jurnalistikaya dönəcəyəmmi? Dünyanın işlərini heç bilmək olmaz. Oxucularıma salam və təşəkkürlər.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR