Azov dənizində yük gəmilərinə edilən sualtı dron hücumundan sağ çıxan 19 Azərbaycan vətəndaşı ölkəyə geri dönüb.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hücuma məruz qalan iki yük gəmisinin ekipaj üzvləri Rusiya–Azərbaycan sərhədini keçərək Vətənə gətiriliblər. Bildirilib ki, hər iki gəmidə olan və sağ qalan 19 azərbaycanlı dənizçi ölkəyə təxliyə edilib.
Bu gün həmçinin hücum zamanı həlak olmuş iki azərbaycanlı dənizçinin – Qismət Əliyev və Fuad Orucovun cənazələrinin Azərbaycan tərəfinə təhvil verildiyi açıqlanıb.
Xatırladaq ki, iyunun 5-də səhər saatlarında “Natra” və “Zirkon” yük gəmiləri Azov dənizində sualtı dronların hücumuna məruz qalıb. Hadisə nəticəsində 4 Azərbaycan vətəndaşı və 1 Rusiya vətəndaşı həyatını itirib. Daha 4 azərbaycanlı dənizçi yaralanaraq Rusiyanın Yeysk şəhərindəki xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.