26 İyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbiri açan Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Komissiyasının sədri Tohid Hüseynov çıxışında vurğulamışdır ki, narkomaniyanın bəşəriyyət üçün böyük təhlükə olduğunu dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 26 iyun tarixi “Narkomaniyaya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edilmişdir.
Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, proqramın əsas məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə edilərək sağlam həyata qaytarılmasının təmin olunmasıdır.
Tohid Hüseynov qeyd etmişdir ki, ötən əsrin ortalarından etibarən narkomaniya müxtəlif xalqların genofonduna ciddi zərbə vuran, qarşısıalınmaz təhlükəyə və ümumbəşəri bəlaya çevrilmişdir. Azərbaycan da dünyanın bir parçası olaraq narkomaniyanın ağır nəticələrindən zərər görür. Azərbaycan dövləti bu ümumbəşəri problemin qarşısının alınması məqsədilə ardıcıl tədbirlər həyata keçirir, beynəlxalq təşkilatlar və dünya ölkələri ilə birgə mübarizə aparır. Qeyd olunmuşdur ki, güclü təsirə malik narkotik vasitələri bir dəfə qəbul edən şəxsin ondan uzaqlaşması olduqca çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu onlardan heç vaxt istifadə etməmək və bu vasitələrdən uzaq durmaqdır.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi, Rayon Komissiyasının katibi Azər Bəhmənov çıxış edərək qeyd etmişdir ki, cəmiyyət həyatının bütün sahələrində əldə olunan nailiyyətlərlə yanaşı, insanların sosial, iqtisadi və mənəvi dəyərlərinə ciddi zərbə vuran narkomaniya və narkobiznes problemi xüsusi narahatlıq doğurur. Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin külli miqdarda asan gəlir əldə etmək üçün vasitəyə çevrildiyi diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, Dövlət Proqramına uyğun olaraq 2026-cı il ərzində Rayon Komissiyası tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir. “Narkomaniya yer üzünün cəhənnəmidir” adlı sənədli filmlər, marixuana və psixotrop maddələr haqqında bukletlər, broşürlər və digər maarifləndirici materiallar təhsil müəssisələrinə, idman və gənclər təşkilatlarına təqdim olunmuş, məktəbli və gənclərə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilmişdir.
Sonra çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov bildirmişdir ki, rayon polis şöbəsi tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparılır. Cari ilin ötən dövrü ərzində qanunsuz dövriyyədən ümumilikdə 63 kiloqram narkotik vasitə götürülmüşdür.
Həmçinin narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və yabanı halda bitən sahələrin aşkarlanaraq məhv edilməsi istiqamətində yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər dövlət və ictimai qurumların polis orqanlarına dəstəyinin vacibliyi qeyd edilmişdir. İxtiyar Talıbov çıxışında yetkinlik yaşına çatmayan şəxslər arasında narkotiklərlə bağlı hüquqpozmalara qarşı profilaktik tədbirlərin gücləndirildiyini, bu istiqamətdə yerli icra hakimiyyəti orqanları, təhsil müəssisələri, əmək kollektivləri və aidiyyəti komissiyalar arasında əməkdaşlığın genişləndirildiyini diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən Masallı Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev qeyd etmişdir ki, təhsil müəssisələri uşaqların, yeniyetmələrin və gənclərin maariflənməsində, şəxsiyyətlərinin formalaşmasında və sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır. Buna görə də ümumtəhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə üsulları və narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Məktəblərdə narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlarla bağlı mütəmadi məlumatlandırma işləri aparılır, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil edilir, inşa müsabiqələri keçirilir, aidiyyəti qurumların nümayəndələri məktəblərə dəvət olunaraq şagirdlərlə görüşlər keçirirlər.
Qeyd olunmuşdur ki, 2026-cı ilin ötən dövrü ərzində təhsilalanları narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ hallardan çəkindirmək, məktəblilərin təhsilə, elmə və idmana marağını artırmaq məqsədilə keçirilən müxtəlif tədbirlərdə hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən ətraflı məlumat verilmişdir.