AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

  • + A
  • - A
  • Bu gün, 16:48

    Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH


    Son aylar Böyük Britaniya hökuməti özünü daha çox nazirlərin istefası ilə göstərib. İyunun 11-də Birləşmiş Krallığın müdafiə naziri Con Hili də istefa verib. O, Baş nazir Kir Starmerə ünvanlandığı istefa məktubunu sosial şəbəkədə də yayıb.Nazir leyboristlərin hakimiyyətdə olduqları iki ildən az müddətdə gördükləri işləri sadalayaraq bildirib ki, Könüllülər Koalisiyası və Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupu vasitəsilə bu ölkəyə əhəmiyyətli dəstək verilib. Con Hili ərizəsində hərbi sahədə genişmiqyaslı islahatlar, onilliklər ərzində ən böyük ixracat yönlü müdafiə sazişləri, eləcə də Almaniya, Norveç və Fransa ilə iri əməkdaşlıq müqavilələr imzaladıqlarını yada salıb.

    O, vurğulayıb ki, Leyboristlər Partiyası hakimiyyətə gələndə yeni təhdidlər dövründə Krallığın müdafiəyə əhəmiyyətli dərəcədə sərmayəyə ehtiyac olacağını anlayırdılar.

    Nazir Kir Starmerin artan təhdidlər qarşılığında müdafiə xərclərinə lazım olan resurs ayıra bilmədiyini qeyd edib.

    Con Hili Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, NATO-nun Arktikada missiyası, Krallığın müttəfiqlərinə qarşı Rusiyanın artan fəaliyyətinə mübarizəsi, habelə Ukrayna müharibəsində davamlı dəstək qarşılığında müdafiə ehtiyaclarının artdığını bildirib.

    O, müdafiə xərclərinin 2030-cu ilə qədər ÜDM 3 %-nə artırılması istiqamətində dəfələrlə çıxış etdiyini yada salıb. Əlavə edib ki, Böyük Britaniya NATO-nun yeni hədəflərinə uyğun olaraq 2035-ci ilə qədər hərbi xərclərin ÜDM-in 3,5%-nə çatdırmaq öhdəliyini üzərinə götürüb. Nazir Baş nazirin Müdafiə İnvestisiya Planı üzrə təklifinin ölkənin müdafiəsi üçün lazım olandan xeyli geri qaldığını da söyləyib.

    Məlumatlara əsasən, Krallıqın Müdafiə və Maliyyə nazirlikləri artan hərbi xərc tələblərinin maliyyələşdirilməsi istiqamətində mövcud vəziyyətdən çıxış yolunu axtarır. Yaranmış böhran ölkənin Müdafiə İnvestisiya Planının 2025-ci ildən davamlı olaraq təxirə salınmasına səbəb olub.

    Con Hilin istefası səbəblərini belə ümumiləşdirmək olar:

    - Böyük Britaniya qlobal miqyasda baş verən hadisələrdə fəal ola bilmir;

    - Krallıq müttəfiqlərinin müdafiəsində aparıcı deyil;

    - Beynəlxalq miqyasda baş verən hadisələrdə Birləşmiş Krallığın rolu zəifləyib;

    - Britaniya Yaxın Şərqdə yaranmış vəziyyətdən faydalanmaqda çətinlik çəkir;

    - NATO qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməkdə problem yaşayır və s.

    Con Hili ərizəsində Baş nazirin müdafiə xərclərini təmin edə bilmədiyini vurğulayıb.

    Krallıqda müdafiə nazirinin istefası siyasi, yoxsa maliyyə böhranı ilə əlaqədardır? Çünki Krallığın müdafiə sənayesi müttəfiqlərin təhlükəsizliyinin prioritetlərinin azaldığını, geosiyasi sahədə qeyri-müəyyənliyin yüksəldiyini iddia edir.

    Leyboristlər 2024-cü il iyulun 4-də parlament seçkilərində qələbə qazansalar da, bu uğuru inkişaf etdirə bilmədilər. Bu il mayın 7-də keçirilmiş bələdiyyə seçkilərində hakim partiya məğlubiyyətə uğradı. Bu siyasi kampaniyada İslahatçılar Partiyası 26 %, Kir Starmerin Leyboristlər Partiyası isə 17 faizlə ikinci olub.

    Bələdiyyə seçkilərindən sonra Leyboristlərin təşkil etdiyi kabinetdə fikir ayrılıqları qabarıq şəkildə özünü göstərməyə başlayıb. Səhiyyə naziri Ues Stritinq, silahlı qüvvələrin kiçik naziri Əl Karns, habelə Krallığın aparıcı siyasətçiləri, Leyboristlər Partiyasının üzvləri, hökumətdə qadınlara və qızlara qarşı zorakılıqla mübarizə sahəsində aparıcı fiqurlardan Ces Fillips və Aleksa Deyvis-Cons istefa veriblər.

    Kir Starmerin də istefa verəcəyinə dair xəbərlər yayılsa da, o vəzifəsində qalacağını, mübarizəni davam etdirəcəyini bildirmişdi.

    Müxalifətdə olan Yaşıllar Partiyası mövcud vəziyyəti "xaos içində olan hökumət" kimi qiymətləndirib.

    Bələdiyyə seçkilərinin nəticələrindən sonra hökumətdə və Leyboristlər Partiyasında siyasi böhran yaranıb və bu vəziyyət hələ də davam edir. Müdafiə nazirinin istefasının isə həm siyasi, həm də maliyyə problemləri ilə bağlı olduğu qənaətinə gəlmək olar.

    Məlumatlara əsasən, bu il Birləşmiş Krallıq ciddi büdcə və maliyyə çətinlikləri ilə üzləşib. Ölkənin dövlət borcu 3 trilyon funt sterlinq həddinə yaxınlaşıb. Büdcədəki boşluq isə milyardlarla funt sterlinq səviyyəsində qiymətləndirilir. Yaranmış böhran vergi yükünün artırılması, iqtisadi göstəricilərin düşməsi ilə müşayiət olunur.

    Cari dövlət borclanmaları proqnozları əhəmiyyətli dərəcədə üstələyir. Müqayisə üçün qeyd edək ki, təkcə 2026-cı ilin aprelində büdcə kəsiri ötən illə müqayisədə 24,6% artaraq 17,4 milyard funt-sterlinq təşkil edib.

    Ölkədə yaranan böhrana xarici amillərin də təsiri olub. Yaxın Şərqdəki münaqişə enerji daşıyıcıları və yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub.

    Bu kimi amillər Böyük Britaniyada maliyyə böhranına da səbəb olub.

    Birləşmiş Krallığın müasir tarixində belə böhran ilk dəfə deyil. İndiki şəraitdə Leyboristlər Partiyasında hakimiyyət uğrunda mübarizə ilə yanaşı, müxalifət, xüsusən Mühafizəkarlar Partiyası (Torilər) da hökumətin dəyişməsi, növbədənkənar seçkilərin keçirilməsi üçün mövcud siyasi və maliyyə vəziyyətin ağırlığından yararlanmağa çalışır.

    Ötən əsrin 80-ci illərindən başlayaraq torilər 32 il, leyboristlər isə 14 il hökumətə başçılıq ediblər.

    Mövcud böhran Kir Starmer hökumətini dəyişməsi ilə də nəticələnə bilər. Krallıqda bu hadisənin baş verməsi üçün şərait də yaranıb.

    Bu il iyunun 18-də Leyboristlər Partiyasında əlavə seçkilər keçiriləcək. Mançester şəhərinin meri Endi Bernem və mayın ortalarında istefa vermiş Ues Stritinq partiya sədrliyinə namizədliklərini irəli sürüblər. Deməli, yaxın günlərdə bu məsələyə aydınlıq gələ bilər.

    Britaniya hökumətində son illərdə tez-tez hökumət dəyişiklikləri baş verir. Donald Tramp Birləşmiş Krallığın hökumətini davamlı olaraq tənqid edir. Xüsusən son zamanlar Yaxın Şərqdə baş verən hadisələrdə Krallığın Ştatlarla eyni mövqedə çıxış etməməsi münasibətlərə xələl vura bilib. ABŞ lideri hətta Birləşmiş Krallığı qarşı genişmiqyaslı rüsumlar tətbiq etməklə hədələmişdi. Bu baxımdan 2026-cı ilin ABŞ-Böyük Britaniya arasında münasibətlər üçün əsl sınaq olduğu istisna edilmir.

    Krallıq hakimiyyəti - siyasi elitası, strateji müttəfiqi ABŞ, cəmiyyət və tərəfdaşları qarşısında sınaq qarşısındadır. Əlavə seçkilər bu imtahanlardan uğurla çıxmaqda əməkçilərə yardım edəcəkmi? O zaman Birləşmiş Krallığın strateji müttəfiqləri və tərəfdaşları ilə gələcək münasibətləri təsirsiz qalmayacaq.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR