Azərbaycan Prezidenti İlham Əliyev 2029-cu ildə ölkədə növbəti əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin 1–31 oktyabr tarixlərində ölkənin bütün ərazisini əhatə etməklə həyata keçiriləcək.
Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların toplanması və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsi məqsədilə bu siyahıyaalma keçiriləcək.
Fərmana əsasən, siyahıyaalınmanın təşkili, hazırlıq işlərinin görülməsi, nəticələrin işlənilməsi və ictimaiyyətə təqdim olunması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.
Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində siyahıyaalınmaya hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq etmək, inzibati mənbələrdə mövcud məlumatların Dövlət Statistika Komitəsinin informasiya bazasına inteqrasiyasını təmin etmək və fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, əhalinin siyahıyaalınması dövlətin sosial, iqtisadi və demoqrafik siyasətinin formalaşdırılması, resursların planlaşdırılması və inkişaf proqramlarının hazırlanması üçün əsas statistik məlumat bazasını formalaşdıran ən mühüm proseslərdən biri hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.