Elnurə Abuşova
Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədriBu gün dünyanın diqqəti Şuşaya yönəlib. Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Şuşa artıq Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkənin siyasi, diplomatik və informasiya gündəmini dünyaya çatdıran strateji platformaya çevrilib. Bu Forum təkcə media nümayəndələrinin görüşü deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun nümayiş etdirildiyi mühüm siyasi tribunadır.
Prezident İlham Əliyevin Forum çərçivəsində çıxışı və media nümayəndələri ilə açıq dialoqu Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Dövlət başçısının cavablandırdığı suallar göstərdi ki, Azərbaycan regional hadisələrə reaksiya verən deyil, regional və qlobal proseslərə təsir edən aktor kimi çıxış edir.
Prezident İlham Əliyevin səsləndirdiyi "Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir" fikri Forumun əsas siyasi mesajlarından biri oldu. Bu yanaşma son illərdə ölkənin qazandığı siyasi, iqtisadi və geostrateji mövqeyin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Müasir beynəlxalq münasibətlər sistemində orta güclər regional sabitliyə təsir göstərən, enerji və nəqliyyat marşrutlarını formalaşdıran, müxtəlif siyasi mərkəzlər arasında etibarlı tərəfdaş kimi çıxış edən dövlətlər hesab olunur. Azərbaycan artıq bu meyarlara uyğun yeni statusunu nümayiş etdirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu ildən-ilə artır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir, ixrac coğrafiyası genişlənir. Bu isə Azərbaycanın təkcə iqtisadi deyil, siyasi çəkisini də artıran əsas amillərdən biridir.
Dövlət başçısının Orta Dəhlizlə bağlı fikirləri də xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyini vurğuladı. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı dövrdə Azərbaycanın geostrateji mövqeyi daha da möhkəmlənir. Bu reallıq ölkəmizi regionun logistika və tranzit mərkəzinə çevirir.
Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində yaranan yeni geosiyasi reallıqları da ətraflı təhlil edərək Azərbaycanın müstəqil siyasət kursunun dəyişməz olduğunu bəyan etdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan bundan sonra da milli maraqlarını əsas götürəcək, heç bir xarici təsir altında qərar qəbul etməyəcək və təhlükəsizliyini öz imkanları hesabına təmin etməyə davam edəcək. Bu mövqe Azərbaycanın xarici siyasətinin əsas fəlsəfəsini təşkil edir.
Forum zamanı Prezident İlham Əliyevin Qarabağın bərpası ilə bağlı səsləndirdiyi fikirlər də mühüm siyasi məna daşıyırdı. Dövlət başçısı bir daha nümayiş etdirdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası yalnız infrastruktur layihəsi deyil, dövlətin siyasi iradəsinin, iqtisadi gücünün və idarəetmə modelinin praktik nəticəsidir. Bir neçə il əvvəl dağıdılmış Şuşanın bu gün dünyanın müxtəlif ölkələrindən gələn media rəhbərlərini qəbul etməsi Azərbaycanın əldə etdiyi uğurun ən parlaq göstəricilərindəndir.
Prezident İlham Əliyevin çıxışında informasiya təhlükəsizliyi məsələləri də xüsusi yer tutdu. Müasir dövrdə informasiya məkanı artıq siyasi və hərbi mübarizənin əsas istiqamətlərindən birinə çevrilib. Dövlət başçısının vurğuladığı kimi, dezinformasiyaya qarşı mübarizə, həqiqətin müdafiəsi və obyektiv informasiya mühitinin formalaşdırılması beynəlxalq əməkdaşlığın vacib elementidir. Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının mühüm alətinə çevrilib.
Forumun keçirilməsi həm də Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi yumşaq güc siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan artıq beynəlxalq auditoriyaya öz mövqeyini vasitəçilərsiz çatdırmaq, qlobal media ilə birbaşa dialoq qurmaq və həqiqətlərini beynəlxalq informasiya məkanına çıxarmaq imkanına malikdir.
Prezident İlham Əliyevin Forum çərçivəsində verdiyi mesajlar göstərdi ki, Azərbaycan regional liderlik mərhələsini geridə qoyaraq daha geniş geosiyasi proseslərdə fəal iştirak edən dövlətə çevrilir. Enerji, nəqliyyat, rəqəmsal transformasiya, süni intellekt, regional təhlükəsizlik və Türk dünyasının inteqrasiyası kimi istiqamətlərdə irəli sürülən baxışlar ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas konturlarını müəyyənləşdirir.
Şuşadan dünyaya verilən əsas siyasi mesaj isə aydındır: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən, regional sabitliyin təmin olunmasına töhfə verən və qlobal proseslərdə söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirir. Bu gün Şuşa yalnız Zəfərin rəmzi deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, informasiya diplomatiyasının və artan siyasi təsir imkanlarının dünyaya nümayiş etdirildiyi mühüm platformadır.