Bakıda narkotik aludəçisi olduğu bildirilən ananın övladını illərlə zəncirdə saxlaması cəmiyyətdə ciddi narahatlıq doğurub. İddialara görə, uşaq uzun müddət gün işığı görməyib, normal qidalanmayıb, məktəbə getməyib və ağır şəraitdə yaşamağa məcbur edilib.
Hadisə ilə bağlı səsləndirilən tənqidlərdə qeyd olunur ki, uşaq 3-cü sinifdən sonra təhsildən kənarda qalsa da, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən bunun səbəbləri araşdırılmayıb. Bildirilir ki, məktəbdən yayınan uşaqların taleyinə nəzarət və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət yetərli səviyyədə qurulmayıb.
Tənqidlərdə vurğulanır ki, ölkədə uşaqların müdafiəsinə böyük maliyyə vəsaiti ayrılsa da, buna baxmayaraq bəzi hallarda uşaqların istismara məruz qalması, təhsildən kənarda qalması və zorakılıq qurbanına çevrilməsi vaxtında aşkarlanmır.
Məlumata görə, hadisə barədə "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" (116111)-ə məlumat daxil olduqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Uşaq Qaynar Xətti ilə birgə koordinasiyalı fəaliyyət göstərərək uşağı xilas edib və xəstəxanaya yerləşdiriblər.
Müraciətdə vətəndaşlara çağırış edilərək bildirilib ki, zorakılıq, baxımsızlıq və ya uşaq hüquqlarının pozulması ilə bağlı hər hansı şübhə yarandıqda 116111 nömrəsinə zəng etmək vacibdir. Qeyd olunur ki, zənglər ödənişsizdir və müraciət edən şəxsin anonimliyi qorunur.
Uşaq Qaynar Xəttinin yaydığı məlumat Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi (AUSD İB) tərəfindən ictimaiyyətə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.